www.science.az
13.01.2021 16:41

"Azərbaycan şərqşünaslığı" jurnalının növbəti sayı işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan "Azərbaycan şərqşünaslığı" jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında əsas mövzu Azərbaycan ordusunun Vətən müharibəsində qələbəsidir. Oxuculara müharibədə qələbə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, AMEA Rəyasət Heyətinin bəyanatı, Şərqşünaslıq İnstitutunda keçirilən tədbir haqqında məlumat və digər yazılar təqdim edilir. Eləcə də istərsə Tovuz hadisələri, istərsə də Vətən müharibəsi dövründə Şərqşünaslıq İnstitutunun əməkdaşlarının dünyanın müxtəlif ölkələrinin ərəb və farsdilli televiziya və radio kanallarında, mətbu orqanlarında, saytlarında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaları barədə məlumat verilir.

Jurnalın səhifələrində, həmçinin Abay Kunanbayevin 175 illiyi ilə bağlı nəşr, tədbirlər haqqında məlumat və görkəmli qazax ədibinin yaradıcılığına dair elmi məqalələrlə tanış olmaq olar. Jurnaldakı elmi məqalələr sırasında görkəmli şərqşünas alim Aida İmanquliyevanın fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı, S.C.Pişəvərinin İran Xalq Partiyasına üzvlüyü, “Munisnamə”də adları çəkilən bəzi sufilər, Həsən Məcidzadə Savalanın əsərlərində xalq adət və ənənələrinin əksi, İslam dünyasında fəlsəfi məktəblər və digər məsələlər barədə yazılar da yer alır.

Həmçinin Şərqşünaslıq İnstitutunun son tədqiqatları, beynəlxalq əlaqələri, müəssisədə əldə edilən uğurlar, çap olunan kitablar, keçirilən tədbirlər barədə də jurnaldan məlumat almaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.