Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dövlətçilik tariximizdən bəhs edən monoqrafiyanın təqdimatı keçirilib
14.01.2021 11:30
  • A-
  • A
  • A+

Dövlətçilik tariximizdən bəhs edən monoqrafiyanın təqdimatı keçirilib

AMEA-nın Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin “Нахчыван в истории государственности Азербайджана” (Naxçıvan Azərbaycanın dövlətçilik tarixində) adlı monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Bölmənin Elm və təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bildirib ki, Naxçıvan Bölməsində Naxçıvanşünaslıq elminin bütün sahələri, eləcə də Naxçıvan tarixinin tədqiqi istiqamətində tədqiqatlar aparılır, əldə olunan elmi nəticələr müxtəlif kitab və monoqrafiyalarda, yüksək nüfuzlu jurnallarda öz dərc olunur. Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın rolunun və yerinin araşdırılması aktuallıq kəsb edən məsələlərdəndir. Akademik İsmayıl Hacıyevin uzun illər ərzində apardığı tədqiqatlarının nəticələri məhz təqdimatı keçirilən kitabda əksini tapıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli ““Нахчыван в истории государственности Азербайджана” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzə edib.

Alim İ.Hacıyevin Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri və rolu məsələsinin tədqiqinə hələ ötən əsrin 90-cı illərindən başladığını, “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, müasir dövrdə dövlətçilik tarixinə artan marağı, Azərbaycan dövlətçiliyi və bu prosesdə Naxçıvanın rolu məsələsinin aktuallığını nəzərə alaraq müəllif yenidən bu mövzuya müraciət etmiş və çox əhəmiyyətli bir monoqrafiya ərsəyə gətirib.

Məruzəçi bildirib ki, giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi və əlavələrdən ibarət olan monoqrafiya Sankt-Peterburq şəhərində “Академия Исследования Культуры” nəşriyyatında çap olunub. Müəllif əsərdə əvvəlcə diqqəti Azərbaycan tarixində dövlət və dövlətçilik problemi, onun xronologiyasına dair baxışlara yönəltmiş, Naxçıvanın ərazisi, təbiəti və iqlim xüsusiyyətləri ilə bağlı məlumat verib.

Alim bu ərazidə indiyədək qalan toponimləri tədqiqata cəlb etməklə sübuta yetirib ki, Naxçıvan Xürrəmilər hərakatının yayıldığı ərazilərdən biri olub. Burada tarixin müxtəlif dövrlərində Naxçıvanşahlıq feodal dövlət qurumunun, Azərbaycan Atabəylər dövlətinin, Naxçıvan tüməsinin, sancağının, xanlığının, Araz-türk Respublikasının və hazırda Naxçıvan Muxtar Respublikasının mövcud olması bir daha sübut edir ki, nəinki Azərbaycan, o cümlədən Naxçıvan özünün zəngin dövlətçilik ənənələrinə malikdir.

Məruzədə qeyd olunub ki, əsərdə Naxçıvan xanlığının işğalından sonra çarizmin həyata keçirdiyi köçürmə siyasəti, ermənilərin xanlıq ərazisində yerləşdirilməsi, ərazi bütövlüyünün pozulması məsələlərinə diqqət yetirilməsi, köçürülən ermənilərin Azərbaycana qarşı ərazi iddialarına başlaması, onları reallaşdırmaq üçün xalqımıza qarşı törətdikləri soyqırımların da tədqiqata cəlb olunması Naxçıvana qarşı olan əsassız ərazi iddialarına ən tutarlı cavabdır.

Monoqrafiyada eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvanla əlaqələri, muxtariyyət statusu, ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü, onun Naxçıvanı qorunmaq üçün həyata keçirdiyi tədbirlər və s. bu kimi taleyüklü məsələlər ətraflı tədqiqata cəlb olunub. Kitabın sonunda Naxçıvan Muxtar Respublikasının 1995-ci ilin sonlarından bizim günlərimizədək müasir Azərbaycan dövlətçiyindəki rolu təhlil olunur.

Professor H.Səfərli akademik İsmayıl Hacıyevin uzun müddətli tədqiqatlarının nəticəsi kimi ərsəyə gələn monoqrafiyanı Naxçıvanın Azərbaycan dövlətçilik tarixində yeri və mövqeyi məsələsinə həsr olunmuş ilk sistemli tədqiqat əsəri kimi qiymətləndirib. Qeyd edib ki, bu əsər ermənilərin Azərbaycana, xüsusilə onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvana ərazi iddialarının heç bir əsası olmadığını, bu ərazinin ən qədim zamanlardan Azərbaycan xalqına mənsub olmasını sübuta yetirən çox sanballı bir tədqiqatdır. Naxçıvanın erkən çağlardan indiyədək tarixinə nəzər salınan əsərdən aydın şəkildə görünür ki, bu ərazilərdə heç vaxt erməni dövləti olmamışdır və Naxçıvan bütün dövrlərdə Azərbaycanın quldar və feodal dövlətlərinin tərkibində olub.

Daha sonra bölmənin əməkdaşlarından AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev və tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev, Musa Quliyev məruzə ətrafında çıxış ediblər. Bildirilib ki, monoqrafiyanı oxumaqla tarixçilər, tədqiqatçılar və bu sahə ilə maraqlanan hər kəs mövzu ilə bağlı bir çox suallara cavab tapa bilərlər. Çıxışçılar monoqrafiyanın xarici dildə ölkə hüdudlarından kənarda nəşrini və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, müəllif bu missiyanın öhdəsindən layiqincə gəlib.

Sonda çıxış edən akademik İsmayıl Hacıyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: