Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi  anılıb
19.01.2021 10:55
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu vurğulayıb. Bildirilib ki, 20 Yanvar hadisələri faciəvi olsa da, milli dövlətçiliyimizin bərpasında xüsusi önəm daşıyır.

Möhsün Nağısoylu qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verilib, faciə zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Akademik bildirib ki, 8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil olub, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. 10 noyabrda Bakıda keçirilən Zəfər paradı Azərbaycan ordusunun hərbi qüdrətinin növbəti təntənəsinə çevrilib.

Professor Sayalı Sadıqova isə qardaşı 20 Yanvar faciəsində şəhid olan Yusif Sadıqovun yarımçıq qalan elmi yaradıcılığı və həyat yolundan danışıb.

Çıxış edənlər professor İsmayıl Məmmədli, Qara Məşədiyev, dosent Təranə Şükürlü 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər.

Sonda bildirilib ki, həm 20 Yanvar, həm də Vətən müharibəsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən hər zaman dərin ehtiramla yad ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: