Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
19.01.2021 16:06
  • A-
  • A
  • A+

20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

AMEA Hüseyn Cavidin Ev Muzeyində “20 Yanvar – tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda anım tədbiri keçirilib.

Yığıncaq 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Azərbaycan xalqının igid oğul və qızlarının 20 Yanvar hadisələri zamanı göstərdiyi şücaətdən və vətəndaşlarımıza qarşı törədilmiş qətliamdan danışıb. O, bu tarixin Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazıldığını qeyd edib.

Alim bildirib ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımıza qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirib. O, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində mənfur düşmən üzərində qazanılan qələbədən də söz açıb. Bu mühüm hadisənin müstəqillik tariximizin şanlı səhifəsi olduğunu, qəhrəman əsgər və zabitlərimizin 20 Yanvar şəhidlərinin mübarizlik ənənəsini şərəflə davam etdirdiyini vurğulayıb.

Tədbirdə muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva, Fəridə Azadova, Nailə Məmmədli sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi terroru qınayaraq, 20 Yanvar gününün Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizəsinin ilk və önəmli hadisəsi olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, məhz bu hadisə Azərbaycan xalqının müstəmləkə rejimi ilə heç zaman barışmayaraq milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutduğunu nümayiş etdirir. Bildirilib ki, Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm zəfər bunu bir daha sübut edir.

Sonda “20 Yanvar xalqımızın qürur tarixinin ilk səhifəsidir” adlı sərgi muzeyin rəsmi “Facebook” şəbəkəsi vasitəsilə canlı yayımlanaraq tədbir iştirakçılarına təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: