Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20 Yanvar hadisəsi xalqımızın milli kimliyinin formalaşmasında həlledici rol oynadı
20.01.2021 12:18
  • A-
  • A
  • A+

20 Yanvar hadisəsi xalqımızın milli kimliyinin formalaşmasında həlledici rol oynadı

AMEA-nın Folklor İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan onlayn tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar, I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə elmi müəssisənin direktoru, akademik Muxtar İmanov faciənin yaranma səbəbləri və qanlı 20 Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib. O, sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən qaynaqlandığını qeyd edib. Vurğulayıb ki, bu hadisələr 1990-cı il yanvarın 7-də Ermənistan parlamentinin “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında” qəbul etdiyi qərardan sonra baş verib. Bundan hiddətlənən Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq öz qəti etirazlarını bildiriblər.

Akademik çıxışında milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasını, yüzlərlə günahsız insanın qətlə yetirilməsini totalitar sovet rejiminin cinayətkar mahiyyəti ilə əlaqələndirib.

M.İmanov qeyd edib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən bir hadisədir: “Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də paytaxtda 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşündə 2 milyona yaxın insan iştirak etmişdi. Bu isə o dövrdə Azərbaycan xalqının “İlin Xalqı” adlandırıldığının əyani sübutu olduğunu göstərirdi”.

Sonra çıxış edən Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Azərbaycan xalqının tarixən başına gələn faciələrdən danışıb. O, 1990-cı ilin qanlı Yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və bu epoxal hadisənin Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol olynadığını vurğulayıb.

Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nizami Muradoğlu isə 20 Yanvarın təkcə hüzn günü deyil, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb. O, müstəqillik yolunun məhz 20 Yanvardan başladığını diqqətə çatdırıb.

Müəssisənin Xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil və filologiya üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanov 20 Yanvar hadisəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olduğunu deyib, həmin günü Azərbaycanın şanlı tarixinin parlaq səhifələrindən və istiqlala gedən yolun təməllərindən biri kimi səciyyələndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: