Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20 Yanvar milli birlik və vətənpərvərliyimizin simvoludur
20.01.2021 12:53
  • A-
  • A
  • A+

20 Yanvar milli birlik və vətənpərvərliyimizin simvoludur

AMEA-nın Dendrologiya İnstitutunda 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib.

Öncə həmin  gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalan, dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Anım tədbirini giriş sözü ilə açan Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qanlı yanvar tarixinin azərbaycanlılar üçün həm xilas, həm də matəm günü olduğunu bildirib. Qeyd edib ki,  hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli bir salnamə yaradır və burada  həm faciə, həm də qəhrəmanlıqlarla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olub: “Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Zaman keçir və gənc nəsil nümayəndələri bu hadisələr barədə faktlarla tanış olduqca Azərbaycanın müstəqillik tarixi, şərəfli keçmişi ilə qürurlanır, böyük bir imperiyanın güclü ordusuna qarşı çıxmış qəhrəmanları ehtiram və böyük hörmətlə yad edir”.

Sonra müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva çıxış edərək 20 yanvar hadisələrinin Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını söyləyib. Onun sözlərinə görə, sovet qoşunları tərəfindən Bakıda törədilmiş bu qətliam Azərbaycan xalqının azadlıq uğrunda mübarizədə sarsılmaz iradəsinin rəmzinə çevrilib, müstəqilliyə gedən yolun təməlini qoyub: “Vətənimizin azadlığı uğuunda canını fəda edən bütün qəhrəmanların xatirəsi qürur hissi ilə xalqımızın qəlbində daim yaşayacaq”.

Tədbirin sonunda qanlı Yanvar hadisələri ilə bağlı qısametrajlı film nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: