Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Qəhrəmanlıq tariximiz” mövzusunda anım tədbiri keçirilib
20.01.2021 15:21
  • A-
  • A
  • A+

“Qəhrəmanlıq tariximiz” mövzusunda anım tədbiri keçirilib

AMEA-nın Elm Tarixi İnstitutu Uşaq Səfirlər Məclisi üzvlərinin birgə iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününün 31-ci ildönümünə həsr olunan “Qəhrəmanlıq tariximiz” mövzusunda anım tədbiri keçirib.

Onlayn şəraitdə baş tutan tədbir ziyalılarla məktəblilər arasında görüş formatında təşkil olunub. Əvvəlcə 20 Yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün vətən övladlarının ruhu ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli bildirib ki, 1990-cı ilin 20 Yanvar günü müasir tariximizin  həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Bu gün həmin qanlı, eyni zamanda şərəfli tarixi hadisədən 31 il keçir. Dövlətimizin, xalqımızın azadlığını, ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin  gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Alim vurğulayıb ki, 20 yanvar hadisəsi SSRİ hakimiyyətinin qansız simasını, başqa millətlərə olan işğalçı sifətini açıq-aydın dünyaya göstərdi və bu hadisə Azərbaycan xalqının sovet imperiyasının tərkibində yaşamasının qeyri-mümkün olduğunu bəlli etdi. O bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. “Qan tökülərək qazanılan müstəqilliyimizi ölkə başçısının rəhbərliyi altında hər gün fəaliyyətimizlə, yaxşı təhsilimizlə, işimizlə, mövqeyimizlə möhkəmləndirmək, onu daha da inkişaf etdirmək hər bir Azərbaycan gəncinin, aliminin müqəddəs vətəndaşlıq borcudur”, – deyə institut direktoru fikrini tamamlayıb.

Sonra müəssisənin elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “20 Yanvar hadisəsinin hüquqi və siyasi qiymətləndirilməsi” və şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Müstəqilliyə gedən şərəfli yol: 20 yanvar 1990-cı il” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin Uşaq Səfirlər Məclisinin üzvlərindən Nurlan Cəbrayılzadə “20 Yanvar – Qan yaddaşımız”, Rüfət Məmmədov “20 Yanvarda zərər çəkmiş uşaqlar”, Nəcibə Allahverdiyeva “20 Yanvar hadisələrinin timsalında xalqımıza qarşı törədilən terror aktları” və Həbib Məmmədov “20 Yanvar hadisələrinə siyasi qiymətin verilməsi” mövzularında çıxış edərək hadisəyə öz münasibətlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: