Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Mənalı ömrün 70 ili
21.01.2021 10:27
  • A-
  • A
  • A+

Mənalı ömrün 70 ili

Görkəmli alim, elm təşkilatçısı, Əməkdar elm xadimi, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin 70 yaşı tamam olur.

İsmayıl Muxtar oğlu Hacıyev 1951-ci il yanvarın 21-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1992-ci ildə tarix üzrə fəlsəfə, 1999-cu ildə isə tarix elmləri doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını alıb. 2003-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.

İsmayıl Hacıyev əmək fəaliyyətinə 1974-cü ildə Culfa rayonunun Xoşkeşin kənd məktəbində müəllim kimi başlayıb, 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim, dekan müavini, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2003-cü ildə AMEA-nın Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət  Heyətinin üzvü seçilib.

İ.Hacıyevin elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, vətən tarixinin müxtəlif maraqlı və çətin sahələrini əhatə edir. Onun elmi fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, milli dövlətçilik tariximiz, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və rolu, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqəsi, Araz-Türk Respublikasının tarixi, 1941-1945-ci illər müharibəsində Azərbaycanın ictimai-siyasi və mədəni həyatı, Naxçıvan bölgəsinin ərazi taleyi, sosial-iqtisadi tarixi, mədəni inkişafı, görkəmli yetirmələri, bədnam qonşularımızın Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri, törətdikləri soyqırımları, Azərbaycanın itirilmiş tarixi torpaqları kimi məsələlər mühüm yer tutur.

Alim 54 monoqrafiya, kitab, dərs və tədris vəsaitləri, kitabçalar, 430-dan çox elmi, 320-dən artıq qəzet məqaləsi olmaqla, ümumilikdə 750-ə yaxın elmi və elmi-kütləvi əsərin müəllifidir. Onun tədqiqat əsərlərindən 1 kitab, 3 monoqrafiya, 80-dən çox elmi məqalə müxtəlif dünya ölkələrində nəşr olunub. Görkəmli alim “Tarixdə və günümüzdə Naxçıvan”, “Naxçıvan və naxçıvanlılar”, “Heydər Əliyev və milli tarixi yaddaşın bərpası”, “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011)”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikası - 90. Quruculuq salnaməsi”,  “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Araz-Türk Respublikası”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1995-2019)”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” (Azərbaycan və Rus dillərində) və adlarını sadalamadığımız onlarla monoqrafiya və kitabın müəllifidir. Tanınmış alimin rəhbərliyi və müəlllifliyi ilə ümumiləşdirici və fundamental əsərlər, ensiklopediyalar, atlaslar işıq üzü görüb. “Naxçıvan ensiklopediyası” (2 cilddə), “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan tarixi atlası”, “Naxçıvan tarixi” (3 cilddə), “Dədə Qorqud yurdu - Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan coğrafiyası” (2 cilddə) belə nəşrlərdəndir. O, müxtəlif illərdə Rusiya, Türkiyə, İran İslam Respublikası, İngiltərə, Polşa, Misir Ərəb Respublikası, Çexiya, Cənubi Koreya, Tunis, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İtaliya və Xorvatiyada keçirilən elmi tədbirlərdə ölkə elmini layiqincə təmsil edib. Alimin rəhbərliyi altında 20 fəlsəfə və 9 elmlər doktoru müdafiə edib.

Ölkə Prezidentinin sərəncamları ilə yaradılan Milli Ensiklopediya və Dövlət Mükafatları komissiyasının üzvü, AMEA-nın Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən Doktorluq Dissertasiyası Şurasının sədri, bölmənin “Elmi əsərlər” jurnalının baş redaktorudur. Rəhbərlik etdiyi dissertasiya şurasında bir sıra xarici ölkə vətəndaşları da daxil olmaqla, 110-dan artıq iddiaçı dissertasiya müdafiə edərək elmi dərəcələr alıblar. II çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (2000-2005), III-IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005-2015) seçilib.

Bir çox dövlət mükafatlarına, müxtəlif elmi və fəxri adlara, o cümlədən Əməkdar elm xadimi fəxri adına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xatirə medalına, Fəxri fərmanına, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı”, AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanlarına layiq görülüb.

Yubileyi münasibəti ilə görkəmli alimi təbrik edir, ona möhkəm can sağlığı, həyat və fəaliyyətində yeni uğurlar arzulayırıq.

Rəşad ZÜLFÜQAROV, AMEA-nın Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: