Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
16.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Yanvarın 16-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yad edildi.

20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi.“Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana təcavüz etmişdi. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Bu qanlı hadisələrdə xalqımız 132 şəhid verdi, 700-ə yaxın insan yaralandı”.

G.Baxşəliyeva həmin günlərdə, Azərbaycanın hərtərəfli blokadaya alındığı bir zamanda ümummilli lider Heydər Əliyevin Moskvada, başda Mixail Qorbaçov olmaqla Sovet rəhbərliyini tənqid edən bəyanat verməsini və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırmasını vurğuladı. Gövhər xanım şəhidlərin xatirəsinin anılması ilə bağlı fərman və sərəncamları da qeyd etdi.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, Şərq-Qərb şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev, İran tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söylədilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: