Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Yanvar hadisələrində əbədiyyətə qovuşmuş şəhidlərin ruhu ehtiramla anıldı

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Yanvar hadisələrində əbədiyyətə qovuşmuş şəhidlərin ruhu ehtiramla anıldı

Artıq xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 25 il keçir. Hər il olduğu kimi, bu il də AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi. Əbədiyyətə qovuşmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev 90-cı illərdə Azərbaycanda mövcud tarixi şəraitdən danışdı. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu qanunsuz olaraq Bakı şəhərinə hücum etdi, Qarabağ uğrunda və azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə Azərbaycan xalqına qarşı hərbi cinayət törətdi. Bu qanlı aksiya nəticəsində 132 nəfər qətlə yetirildi, təxminən 600-dən artıq insan yaralandı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 

Tədbirdə qanlı 20 Yanvar hadisələrini özündə əks etdirən video-slayd nümayiş etdirildi. 

Sonra ağrılı-acılı yanvar hadisələrinin canlı şahidi kimi professor Arif Əfəndiyevhəmin gecə baş verən hadisələri tədbir iştirakçılarının nəzərinə çatdırdı. O günlərin dərin kədərlə anıldığını söyləyən professor, hələ 88-89-cu illərdə Moskvada siyasi mühitin dolaşıq olduğunu vurğuladı. Həmin illər güclü-qüdrətli SSSR-i dövləti artıq çalxalanırdı. Azərbaycanlıların Ermənistan ərazisindən kütləvi surətdə qovulması dövrü yaşandı. Onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan yaralandı, azərbaycanlı kəndlərində ermənilərin törətdikləri kütləvi talanlar qeydə alındı. On minlərlə insan evlərini və əmlaklarını qoyaraq, qış vaxtı qarlı aşırımlarla Azərbaycana qaçmağa məcbur oldular. Lakin 20 Yanvar faciənin baş tutacağından heç kim şübhə belə etmirdi.

A.Əfəndiyev vurğuladı ki, xalq bu faciəni heç vaxt unutmayacaq! Müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımız həyat durduqca qəlbimizdə yaşayacaqlar.

Tədbirdə, həmçinin kimya üzrə elmlər doktoru, professor İxtiyar Bəxtiyarlı, institutun aparıcı elmi işçisi Faiq Məmmədov və başqaları çıxış etdilər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: