Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
19.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs edib.

Qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandıran N.Vəlixanlı bu günün heç zaman yaddaşlardan silinməyəcəyini qeyd edib: “Həmin gün nə qədər hüznlə anılsa da, bir o qədər də xalqımızın şərəf tarixi kimi yada salınır”.

N.Vəlixanlı qeyd edib ki, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilməmişdir. Məhz bu əzmin, mübarizənin sayəsində xalqımız azadlığına qovuşmuşdur. Natiq həmin vaxt ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirdiyini xatırladıb. Vurğuyıb ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət məhz müdrik şəxsiyyət, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.

Tədbirdə texnika elmləri üzrə fəlsəfə doktoru Əsəd Əsədzadə çıxış edərək 20 Yanvar günü şahidi olduğu dəhşətli hadisələrdən danışıb. Xalqımızın tarixinə qara hərflərlə yazılmış Qanlı 20 Yanvar hadisələrindən söhbət açan natiq bu siyasətin keçmiş sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini bildirib.

Muzeyin Gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoruBəhmən Kərimov artıq 25 ildir ölkəmizdə və dünyanın müxtəlif yerlərində 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Natiq sovet imperiyası ordusunun törətdiyi qanlı qırğınlardan, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söhbət açıb.

Sonda Milli Azərbaycan Tarixi Muzeyində qorunan və 1990-cı ilin yanvar hadisələrini əks etdirən çoxsaylı əşyalardan, fotolardan ibarət film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: