Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.01.2015 00:00
  • A-
  • A
  • A+

“Erasmus+” proqramının AMEA-da tətbiqi ilə əlaqədar müzakirələr aparılıb

“Erasmus+” proqramının AMEA-da tətbiqi ilə əlaqədar müzakirələr aparılıb

AMEA Rəyasət Heyətində Fransanın Montpelier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Fransua Hennin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov da iştirak edirdi.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə akademiyada həyata keçirilən təhsil proqramlarından söz açdı. Bu baxımdan Erasmus proqramının icraçıları ilə görüşün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı: “Biz bu proqramın təcrübəsindən yararlanaraq akademiyanın təhsil sisteminə yeniliklər gətirə bilərik.” Akademiyada 2015-ci ildə ilk dəfə olaraq magistraturaya qəbulun elan olunacağını bildirən alim bu yolla AMEA-da elmlə təhsilin inteqrasiyasını təmin etmək niyyətində olduqlarını diqqətə çatdırdı.

A.Əlizadə cari ildə akademiyanın 70 illik yubileyinin qeyd ediləcəyini bildirərək “Erasmus+” proqramının akademiya üçün böyük əhəmiyyətə malik olduğunu dedi. Proqramın AMEA-da tətbiqi üçün görüləcək işlərdən danışdı.

Sonra qonaq Fransua Henn çıxış edərək təmsil etdiyi universitetin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Bildirdi ki, “Erasmus+” Avropada prioritet layihələrdəndir. Onun sözlərinə görə, Azərbaycan və Fransa prezidentləri də görüş zamanı bu kimi layihələrin iki ölkə arasında əməkdaşlıq əlaqələri qurmaq baxımından önəmliyini vurğulamışlar.

F.Henn həm elm, həm də təhsil sahəsində böyük təcrübəyə malik universitetin Fransanın nüfuzlu ali məktəblərindən olduğunu, burada müxtəlif elm sahələrinə dair intensiv tədqiqatların aparıldığını qeyd etdi.

P.Bağırov Avropa İttifaqının “TEMPUS” və “Erasmus Mundus” proqramlarının 2014-2020-ci illər üçün “Erasmus+” ilə əvəz edildiyini bildirdi. Bu proqram çərçivəsində ali təhsil sahəsində birgə magistratura proqramları, kredit mobilliyi, Jan Mone Proqramı, bilik alyansları və strateji tərəfdaşlıq kimi imkanlardan istifadənin mümkün olacağını diqqətə çatdırdı. Ofis rəhbəri “Erasmus+” proqramının Azərbaycan üçün prioritet sahələri, kurikulum quruculuğu, təhsil və tədrisin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsi zərurətini vurğuladı.

Onun sözlərinə görə, “Erasmus+” proqramı əməkdaşlıq üçün xeyli imkanlar təklif edir ki, bunlar da Avropa standartları çərçivəsində təhsil sahəsində təcrübə mübadiləsi, təhsil sistemlərinin təkmilləşdirilməsi, peşəkarlıq treninqləri, xaricdə təhsil və digər mühüm islahatları əhatə edir.

Görüşdə, həmçinin ali təhsil sahəsində birgə əməkdaşlıq və “Erasmus+”un əsas məqsədləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: