www.science.az
22.02.2021 15:33

Avropada Tədqiqatlar üçün Açıq Giriş İnfrastrukturu haqqında onlayn elmi seminar keçirilib

EaPConnect və AzScienceNet-in birgə təşkilatçılığı ilə Avropada Tədqiqatlar üçün Açıq Giriş İnfrastrukturu (Open Access Infrastructure for Research in Europe – OpenAIRE) haqqında AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev AMEA rəhbərliyi və institut adından xarici həmkarları salamlayaraq, birgə elmi tədqiqatların aparılması və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyindən danışıb. Elmi tədqiqatçıların OpenAIRE ilə tanışlığının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Alim rəhbərlik etdiyi qurumun AzScienceNet elm kompüter şəbəkəsinin 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunduğunu diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsini təmin etmək, eləcə də Azərbaycanın ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrini gücləndirməkdir.

GEANT Assosiasiyasının EaPConnect layihəsinə qoşulmağın son 5 il ərzində AzScienceNet şəbəkəsinin elm və təhsil şəbəkəsi kimi formalaşmasında mühüm rol oynadığını qeyd edən akademik müvafiq istiqamətdə birgə layihə və tədqiqatların həyata keçirilməsinin, kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.

Sonra çıxış edən EaPConnect layihəsinin rəhbəri Veronika Diluna Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirərək, institutun GEANT təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı lazımi dəstəyin göstəriləcəyini nəzərə çatdırıb. Bildirib ki, tədbirin əsas məqsədi tədqiqatçıları açıq elm haqqında məlumatlandırmaq, müvafiq təcrübə ilə tanış etməkdir.

Layihənin Marketinq və Kommunikasiya üzrə Koordinatoru Nerinqa Cakvayz da çıxış edərək, institutla əməkdaşlıq əlaqələrinin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb, əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin müzakirəsinin vacibliyini qeyd edib.

Daha sonra OpenAIRE idarəetmə heyətinin üzvü İrina Kuçma OpenAIRE və ondan istifadə qaydaları haqqında məruzə ilə çıxış edib. O, sistem haqqında ümumi məlumat verərək, onun tarixi və inkişaf mərhələləri, layihənin tərəfdaşları barədə danışıb. Bildirib ki, OpenAIRE-in yaradılmasında məqsəd elmi əlaqələri açıqlığa və şəffaflığa doğru yönəltmək, ünsiyyət qurmaq və tədqiqatların monitorinqi üçün innovativ yolları sadələşdirməkdir.

Məruzəçinin sözlərinə görə, Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı (7th Framework Programme) tərəfindən maliyyələşdirilən OpenAIRE Avropada açıq girişin tətbiqini dəstəkləyir. Avropa Komissiyasının təşəbbüsü olan Açıq Giriş və Açıq Giriş pilotu Avropa Tədqiqat Şurasının Elmi Şurasının Təlimatları ilə müəyyən edilən açıq giriş siyasətinin geniş tətbiqini təşviq etmək və reallaşdırmaq üçün vasitələr təqdim edir.

Burada əsas hədəf təsdiqlənmiş elmi biliklər vasitəsilə cəmiyyəti dəyişmək, eləcə də vətəndaşlara, müəllimlərə, maliyyələşdiricilərə, dövlət qulluqçularına və sənayeyə özləri, iş mühitləri və cəmiyyət üçün faydalı elmin yollarını tapmağa imkan verməkdir.

“Biz tədqiqat nəticələrini (məsələn, nəşrlər, məlumatlar, proqram təminatı) yaradıcıları (məsələn, tədqiqatçılar, qurumlar, maliyyələşdiricilər) ilə əlaqələndirərək tədqiqatın aşkarlığı, şəffaflığı, təkrarsızlığı və keyfiyyətliliyini təmin edirik”, – deyə bildirən İ.Kuçma effektiv açıq elmin tətbiqi üçün bütün maraqlı tərəflərin iştirakının önəmini qeyd edib.

O, həmçinin sistemin xüsusiyyətləri və üstünlüklərindən, burada alim və mütəxəssislərə təqdim olunan geniş imkanlardan söz açıb. Bazada axtarış qaydaları, orada yerləşdirilmiş Azərbaycan jurnalları haqqında məlumat verib.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Müvafiq sahə üzrə əməkdaşlıq münasibətlərinin davam etdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunaraq, təklif və tövsiyələr səsləndirilib. Bu kimi seminarların müntəzəm olaraq təşkil edilməsinin nəzərdə tutulduğu bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.