Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Xocalı soyqırımı canlı tarix və insan hüquqları kontekstində
23.02.2021 12:09
  • A-
  • A
  • A+

Xocalı soyqırımı canlı tarix və insan hüquqları kontekstində

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Xatın faciəsi ilə eyni səviyyədə durur. Ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd etmişdir ki, “xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq  bütün bu tarixin içində Xocalı  faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir  Xocalı sakininin öz torpağına, millətinə, vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşi­li­yin görünməmiş bir təzahürüdür”.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzaqgörən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Ancaq mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuş­dur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xal­qı­mızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. J.P.Sartr mən­tiqi ilə desək, “bu anlar sözsüz ki, (soyqırım və s. – H.Q.) çaşdırıcı və qorxulu təsir bağışlayır”.

Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər əlil olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir (onları da şəhidlər sırasına daxil etsək, 613 yox, 763 nəfər soyqırıma məruz qalmışlar). Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, əlillərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. 200 nəfərin ayaqları soyuqdan qan­qren olmuş, 1000 nəfərdən artıq şəhər sakini müxtəlif dərəcəli bədən xəsarəti almışdılar.

Qeyd edək ki, bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və aman­sızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, baş dəriləri soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yırtılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir. Həyatdan məhrum edilmiş azərbaycanlıların yeganə günahı onların azərbaycanlı olmaları idi. “İnsan Hüquqları Ümumi Bəyyanaməsi”nin 2-ci maddəsinə əsasən isə hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinin­dən, siyasi və digər əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq bütün hüquq və azadlıqlara malik olmalıdır. Lakin yuxarıda göstərilənlər insan hüquq və azadlıqlarının pozulmasının adi halı deyildi. Əsrin əvvəllərindən başla­yaraq plana uyğun surətdə azərbaycanlılara qarşı həyata keçirilən “etnik təmizləmə”, soyqırım siyasətinin təzahürü idi. Təhlilimizdə canlı tarix aspektindən hadisənin məhz şahidlərinin fikirlərinə nəzər yetirək.

Səriyyə Talıbova adlı qadın göstərmişdir ki, erməni döyüşçüsünün qəbri üstündə 4 nəfər mesxet türkünün və 3 azərbaycanlının başını kəs­mişlər. Valideynlərinin yanında uşaqlara işgəncə verilmiş və onları öldürmüşlər.

Xocalıdan olan digər bir qadın Sənubər Ələkbərova Naxçıvanik kəndində qadın, uşaq və qoca meyitlərindən yaranmış təpəni heç vaxt unutmayacağını bildirib. Həmin kənddə ermənilərin qurduğu pusquya düşdükdən sonra onun əri, iki qızı - Sevinc və Hicran öldürülmüş, özü isə yaralanmışdır. Orada 200 nəfər azərbaycanlı girov götürülmüşdür.

Digər biri Cəmil Məmmədov da girov düşmüş azərbaycanlılardan olmuşdur. Onun dırnaqları çıxarılmış, təpiklə sifətinə xəsarət yetirilmiş, nəvəsi ondan alınıb götürülmüş, anası və qızı xəbərsiz itkin düşmüşdür. Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi də soyqı­rımı cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir.

Surxay Quliyev adlı Xocalı sakini də faciəyə məruz qalmış şəxslərdəndir. Onun qardaşı, qardaşının iki oğlu, həyat yoldaşı, 4 nəvəsi, iki yeznəsi, bir qızı - bütün ailəsi şəhid olmuş, özü isə yaralanmışdır.

Xocalı sakini Sevda Kərimova başlarına gətirilən müsibətlərdən danışarkən deyib ki, qardaşı ermənilərə əsir düşməsin deyə onu öldürmək istəyirdi. Atası, anası və böyük qardaşı sonradan ermənilər tərəfindən öldürülmüş, digər qardaşı isə ermənilərə əsir düşmüşdür və ondan heç bir məlumat ala bilməmişdir.

Dürdanə Ağayevaya edilən işgəncələr isə gözləri önündən hələ də getmir. 8 günlük əsirlik həyatında olmazın işgəncələrə məruz qalmış Dürdanə Ağayeva o günlərdən danışarkən acizləşir. Onun sözlərinə görə, Xocalı blokadada olduğu üçün hər yerlə əlaqə kəsilmiş, aclıq hökm sürürdü. O bildirir ki, bir gecənin içində 613 nəfəri öldürdülər, erməni qəbirləri üstündə oğullarımızın başı kəsildi, meşədə uşaqlar şaxtadan donub öldü.

Xocalı şahidi Yasəmən Həsənova həmin dəhşətli gecəni danışarkən qeyd edir ki, həmin vaxt onun 12 yaşı var idi. Gecələr evdə yata, işıqları yandırabilmirdilər, aclıq idi. Çox çətin vəziyyət yaranmışdı. Bütün ailəsini öldürmüşdülər. Atası ermənilərə əsir düşməmək üçün özünü öldürmüşdü. Ailəsindən bir tək əmisi sağ qalmışdı. Deyir mən 16 il elə bilmişəm ermənilər anamı əsir götürüb, amma 16 ildən sonra rus jurnalistinin çəkdiyi kadrlarda anasının öldüyünü görüb və sevinib ki, anası ermənilərə əsir düşməyib.

Maraqlı bir məqama diqqət yetirək. Belə ki, Xocalı soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can Yunet demişdir: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər”.

Bəs KİV nə yazır, nə əks etdirdi?

“İzvestiya” qəzetinin müxbiri V.Bulıx göstərmişdir ki, Xocalı hadi­sələri zamanı gözləri oyulmuş, qulaqları kəsilmiş, sümükləri çıxarıl­mış, başları kəsilmiş meyitlərin, o cümlədən qadın meyitlərinin şahidi olmuşdur.

Və yaxud Moskva “Memorial” hüquq-mühafizə mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütləvi pozulması faktları barədə məlumatında göstərilir: “Qaçanlar ermənilərin pusqusuna düşmüş və gülləbaran edilmişlər. Dörd gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitdə təhqirə məruz qalma əlamətləri olmuşdur. Dörd meyitin başının dərisinin soyulduğu və bir meyitin başının kəsildiyi qeydə alınmışdır.

Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) dövlət məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfə­rin - qəlpə yararları səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla öldürül­müşdür.

Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyada göstərilir ki, soyqırım hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlərdən ibarətdir:

- bu cür qrup üzvlərinin öldürülməsi;

- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;

- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

- bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbir­l­ərin görülməsi;

- uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Aparılmış tədqiqatlar onu deməyə əsas verir ki, Xocalı soyqırımı nəticəsində insan hüquqları, o cümlədən qadın hüquqları kobud şəkildə pozulmuşdur.

İnsan Hüquqları Ümumi Bəyannaməsinin 2-ci maddəsində öz əksini tapmış qadın hüquqları kobud şəkildə pozulmuşdur. Qadınların yanında uşaq­lara işgəncə verilmiş və onları öldürmüşlər. Naxçıvanik kəndində qadın, uşaq və qoca meyitlərindən ibarət təpə yaranmışdır. Hətta alman faşist­ləri qadın və uşaqlara qarşı belə qəddarlıq etməmişlər.

Xocalı hadisələri zamanı bir sıra qadınların gözləri oyulmuş, qulaqları kəsilmiş, sümükləri çıxarılmış, başları kəsilmişdir.

Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həm­çinin Ümumdünya İnsan Hüquqları Ümumi Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:

- Hər bir şəxs dilindən, ... dinindən, ... milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır;

- Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır;

- İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır;

- Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır;

- Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

1994-cü il mayın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış Bişkek Protokoluna əsasən münaqişə edən tərəflər arasında atəşkəs elan edilir. 12 may 1994-cü ildə isə Bişkek Protokolu əsasında qərara alınan atəşkəs qüvvəyə minir.

Azərbaycanla-Ermənistan arasında atəşkəs elan olunmasına baxmayaraq, ermənilər sonrakı 26 il ərzində atəşkəs rejimini dəfələrlə pozmuşlar. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişindən sonra yürütdükləri məqsədyönlü xarici və daxili siyasət öz nəticəsini verdi.

27 sentyabr 2020-ci ildə ermənilərin növbəti dəfə təmas xəttində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində ölkələrimiz arasında müharibə başlanmışdır. 44 günlük davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə sona çatdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın bəndlərinə əsasən 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana geri qaytarılır və Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu 5 il müddətinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir, Naxçıvan Muxtar Respublikası ilə kommunikasiya xətləri bərpa edilir. Bununla da Azərbaycan öz tarixi ərazi bütövlüyünə qovuşdu.

Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, birliyini, Azərbaycan ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. 

Əminəm ki, məcburi köçkünlərimiz və qaçqınlarımız yaxın zamanlarda işğaldan azad olunmuş torpaqlarımıza geri dönəcək və orada yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin - dağıdılmış şəhərlərimizin, kəndlərimizin bərpası dövrü başlanacaq və Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik nümayiş etdirəcək. Eləcə də Xocalı sakinləri illərdir yaşadıqları o ağrılı günləri artıq unudaraq öz doğma yurd-yuvalarına geri dönəcəklər.

Habil QURBANOV, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, h.ü.e.d., professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.        

  • Paylaş: