www.science.az
23.02.2021 15:43

Koronavirus pandemiyasının dəniz nəqliyyatına təsirlərinə həsr olunan elmi seminar keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda “Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinə təsirinin qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov açaraq tədbirin gündəliyi barədə məlumat verib, iştirakçılara məruzəçini təqdim edib.

Sonra institutun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarovun “Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda dəniz nəqliyyatının rəqabətqabiliyyətliliyinə təsirinin qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı bildirib ki, dəniz nəqliyyatı dünyanın istənilən regionunda yaranan iqtisadi-siyasi dəyişikliklərə daha tez cavab verərək, sifarişçiyə xidmət funksiyaları göstərməklə dəniz ticarətinin artımına səbəb olan aparıcı sahələrdən biridir. Burada beynəlxalq ticarətdə qlobal liman əməliyyatlarının əsasını təşkil edən dəniz nəqliyyatı beynəlxalq əlaqələrin və dünya ticarətinin fiziki həcminin 80%-ni, dəyər ifadəsində isə 70%-ni təşkil edərək, dünya ticarətinin inkişaf səviyyəsinə daha çox təsir edən sahələrdən biri kimi pandemiyadan ən çox ziyan çəkmiş sahələrdəndir. Pandemiya ilə əlaqədar olaraq uzun müddət gəmi heyətinin dəyişdirilməməsi və Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq dənizçilərin sertifikatlaşdırılması, zərərli qazların dəniz suyu ilə təmizlənməsi üçün tələb olunan qurğuların dünyanın əksər ölkələrinin gəmilərində quraşdırılmasının başa çatdırılmaması ilə bağlı problemlər dəniz nəqliyyatının fəaliyyətində məhdudiyyətlər yaradıb. Koronavirus (COVID-19) pandemiyası dünya əmtəə ticarətinə və dəniz ticarətinə mənfi təsir göstərib.

T.Yadigarov tərəfindən Azərbaycan üzrə vahid nəqliyyat sisteminə daxil olan bütün nəqliyyat növləri üzrə yükdaşımaların dinamikası 2010-2020-ci illər üzrə statistik mənbələr əsaında tərtib edilərək təhlil olunub. Burada COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycanda ümumi yükdaşımaların 2020-ci ildə 2019-cu illə müqayisədə 19,8% azalması hesabına ölkə üzrə iqtisadi artıma təsiri Eviews-10 proqram paketində qiymətləndirilib. Tədqiqat nəticəsində müəyyən edilib ki, vahid nəqliyyat sistemi üzrə pandemiya hesabına dəymiş ziyan ən çox avtomobil nəqliyyatında müşahidə edilib. Dəniz nəqliyyatı və hava nəqliyyatı üzrə yükdaşımalar isə 2020-ci ilin 2-ci yarısından başlayaraq artdığından, digər sahələr istisna olmaqla həmin sahələrdə yükdaşımaların həcmində 2020-ci il üzrə artım müşahidə olunub.

Tədqiqatçı Azərbaycanda ən böyük gəmiçilik şirkəti olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması və ticarət donanması kimi fəaliyyət göstərən Nəqliyyat Donanmasının maliyyə-təsərrüfat fəaliyyəti, həmçinin dəniz nəqliyyatı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yükdaşımaların mövcud vəziyyətini təhlil edib. Habelə Nəqliyyatın Rəqabətqabiliyyətlilik İndeksi üzrə metodoloji izah verilərək, Logistikanın Səmərəlilik İndeksi, Beynəlxalq Daşımaçılıq İndeksi və Limanların Beynəlxalq Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycanın mövqeyi təhlil edilərək, pandemiyanın bu indeksə təsiri proqram paketində qiymətləndirilib.

Məruzəçi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ticarət donanması kimi fəaliyyət göstərən Nəqliyyat Donanmasının beynəlxalq sularda istismar edilən 14 ədəd gəmisinin istismarı ilə bağlı məsələlər, respublikamızın gəmilərinin beynəlxalq sulara çıxışının yalnız Volqa-Don kanalı vasitəsilə mümkün olması və bu kanalın məhdudiyyətləri, beynəlxalq sularda yükdaşımalardan yüksək gəlir əldə edilməsi məqsədi ilə beynəlxalq yükdaşımalarda gəmiçiliyin üstün və zəif cəhətləri barədə danışıb, Azərbaycanın dəniz nəqliyyatının inkişafı ilə bağlı təkliflərini səsləndirib.

Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.