Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xocalı - Tarixi ədalət
26.02.2021 11:24
  • A-
  • A
  • A+

Xocalı - Tarixi ədalət

Azərbaycan xalqı hər il fevral ayının 26-da öz tarixində ən faciəli, dəhşətli günlərindən birini - Xocalı faciəsinin ildönümünü qeyd edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçıları 366-cı motoatıcı alayın hərbi texnikasının iştirakı ilə Qarabağın azərbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etmişlər. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları siyasi məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar, hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.

Xocalı strateji hədəf kimi Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Ermənilərin əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada arxitektur abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.

Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib. Ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da, şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirib. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.

İstintaqla müəyyən edilib ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl atıb, misli görünməmiş qətliamlar törədiblər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunub. Konvensiyaya qoşulan dövlətlər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub.

İkinci Qarabağ müharibəsi (27 sentyabr - 9 noyabr 2020) ərzində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuz Xocalı rayonunun 9 kəndini Ermənistanın işğalından azad etmişdir. Xocalı üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.  Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!

Bu kədərli iyirmi doqquncu ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha yad edir, onlara Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Aynur BABAYEVA, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: