Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Elmi-tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması müzakirə olunub
03.03.2021 11:47
  • A-
  • A
  • A+

Elmi-tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması müzakirə olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında 8 saylı şöbənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “Elmi-tədqiqat fəaliyyəti  nəticələrinin  səmərəliliyi, innovasiyalılığı və kommersiyalaşdırılması problemləri” mövzusuna həsr edilmiş məruzəsi dinlənilib.

Dosent Ə.Əliyev bu  məsələnin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd edərək əvvəlcə Kornell Universiteti (ABŞ), INSEAD Biznes məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə hazırlanan “Qlobal İnnovasiya İndeksi-2020” (“The Global Innovation Index-2020”) haqqında məlumat verərək bildirib ki, Azərbaycan Qlobal İnnovasiya İndeksi 2020-ci ilin səviyyəsinə görə 131 ölkədə innovasiyanın effektivliyinin qiymətləndirilməsi nəticəsində  0-100 şkalasında 27.23 balla 82-ci yerdə qərarlaşıb. O, bildirib ki, 2019-cu ilin hesabatında 129 ölkə arasında Azərbaycan 84-cü yerdə olmaqla, bu il 2 pillə irəliləyib. Əvvəlki 2018-ci ildə isə Qlobal İnnovasiya İndeksi üzrə Azərbaycan 82-ci yerə malik olmaqla bundan daha yaxşı yerə sahib olub. Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər  - Estoniya (25-ci yer), Latviya (36-cı yer) Litva (40-cı yer), Ukrayna 45-ci və Rusiya 47-ci yerlərdə olduğu diqqətə çatdırılıb.

Məruzəçi Azərbaycanın 2020-ci ildə Qlobal İnnovasiya İndeksinə görə postsovet məkanında yalnız Orta Asiya ölkələrini üstələdiyini  qeyd edib. O, həmçinin Qlobal İnnovasiya İndeksi 2020-ci ilin səviyyəsinə görə Türkiyənin 51-ci, Ermənistanın 61-ci, Gürcüstanın 63-cü, Qazaxstanın 77-ci yerlərdə olduğunu bildirib. Ə.Əliyev hesabatın 2020-ci il üzrə liderinin İsveçrə olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, ondan sonra İsveç, ABŞ, Böyük Britaniya və Niderland bu siyahıda qərarlaşıblar. O, bildirib ki, siyahıda Çin 14-cü yerdədir.

Ə.Əliyev qeyd edib ki, Qlobal İnnovasiya İndeksi innovasiya fəaliyyəti üzrə 80 indikator əsasında tərtib olunur. Həmin indikatorlar “İnnovasiya resursları” və “İnnovasiya nəticələri” subindekləri üzrə institusional şərait, insan kapitalı və elm, infrastruktur, daxili bazarın inkişafı, biznesin inkişafı, biliklər və texnologiyaların inkişafı, yaradıcı fəaliyyətin nəticələri kimi göstərici qruplarına bölünüb. Bu hesabatda Azərbaycanın ən zəif göstəricilərinin “İnstitusionallıq”, “Daxili bazarın inkişafı” və “Yaradıcı fəaliyyət” sahəsində olduğu qeyd olunub.

Məruzəçi Azərbaycan alimlərinin ordumuzun 2-ci Qarabağ müharibəsində əldə etdiyi qələbəni elm və innovasiya cəbhəsində də təkrar edə biləcəyinə əminliyini ifadə edib.

Sonra Ə.Əliyev məruzəsinin əsas hissəsinə keçərək elmi-tədqiqat fəaliyyətinin müasir xüsusiyyətləri, innovasiyanın sosial-iqtisadi xüsusiyyətləri, innovasiya prosesi və innovasiya fəaliyyətinin təşkili haqqında, elmi innovasiya fəaliyyətinin xüsusiyyətləri, innovasiyaların idarə edilməsi,  innovativ mühitin, innovasiya sistemlərinin və milli innovasiya sisteminin formalaşması, innovasiya prosesinin maliyyələşdirilməsinin  təşkili xüsusiyyətləri, elmi-tədqiqat fəaliyyətinin maliyyələşməsi, elmi tədqiqat fəaliyyətinin nəticələrinin və innovasiyaların kommersiyalaşdırılması məsələləri, innovasiya fəaliyyətinin ölçülməsinin metodoloji əsasları, müvafiq sahədə beynəlxalq reytinqlər, İKT üzrə bəzi mühüm elmi nəticələr və onların kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilər və qiymətləndirmələr, innovasiyaların kommersiyalaşması və idarə edilməsinin  aktual  elmi problemləri, elmi problemin tədqiq olunma mənbələri haqqında ətraflı məlumatlar verib, təhlillər aparıb.

Dos. Ə.Əliyev elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prioritetləri olan elmi və innovasiya potensialından səmərəli istifadənin təmin edilməsi və gücləndirilməsi, innovasiya və yeni elmi nəticələrin əldə olunmasının təmin edilməsi, elmi fəaliyyətin dünya standartlarına uyğunlaşdırılması, elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi, elmin davamlı və sistemli inkişafının təmin edilməsi məsələlərinin şərhini verib. Elmi-tədqiqat fəaliyyətinin prioritetləri, elmi-tədqiqat fəaliyyətinin nəticələrinin, elmi-innovasiyaların kommersiyalaşdırılması məsələlərinin əhəmiyyətini vurğulayıb.

Ə.Əliyev elmi fəaliyyət subyektləri, fundamental və tətbiqi elmi tədqiqatlar, eksperimental tədqiqatlar, elmi fəaliyyətin növləri və  istiqamətləri, elmşünaslıq, elmi fəaliyyətin subyektləri və iştirakçıları,  elmi strukturlar, akademik strukturlar, AMEA, onun fəaliyyət istiqamətləri, sahə elmi, vətəndaş elmi haqqında ətraflı məlumatlar verib.

Hazırkı dövrdə elm, təhsil və iqtisadiyyatın vəhdəti, onlar arasındakı əlaqələrin gücləndirilməsinin, biliklərə, informasiyaya və innovasiya əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsinin, innovativ, elmtutumlu və İKT əsaslı yüksək texnologiya məhsullarının istehsalının, yüksək texnologiyalar parkının elmi müəssisələrlə inteqrasiyasının təmin edilməsinin, texnoparklar, texnologiya transferi mərkəzlərinin, innovasiyalı elm-təhsil və təcrübə-istehsalat mərkəzlərinin yaradılmasının, elmi-innovasiya fəaliyyətinin, fundamental və tətbiqi tədqiqatların inkişafının stimullaşdırılmasının, elmi-tədqiqat fəaliyyətinin nəticələrinin, innovativ işləmələrin  kommersiyalaşdırılması  məsələlərinin, IV Sənaye inqilabı elementlərinin elmi-tədqiqat müəssisələrinin fəaliyyətində reallaşması və tətbiq olunmasının aspektlərini diqqətə çatdırıb.

O, elmin inkişafının əsas məqsədi və vəzifəsini, elmi fəaliyyət sahəsində dövlətin əsas vəzifələrini, elm haqqında ölkə qanunvericiliyinin əsaslarını şərh edib. Elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərini, AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının əsasları və fəaliyyət istiqamətlərini, elmi infrastrukturun modernləşdirilməsini, əqli mülkiyyət hüququnun qorunması, elmi fəaliyyətin informasiya təminatı məsələlərinin müasir dövr üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Ə.Əliyev elmi-tədqiqat fəaliyyətinin nəticələrinin, elmi innovasiyaların kommersiyalaşma potensialının qiymətləndirilməsi üçün ilkin olaraq elmi yenilik və  innovasiyalılıq dərəcəsi, praktiki  tətbiq oluna bilmə dərəcəsi, özxərcini ödəmə və gəlir yaratma dərəcəsi, investor tapmaq və maliyyələşmənin təminatlılığı dərəcəsi, resurslarla təminatlılıq dərəcəsi, maliyyələşmənin nisbi həcmi dərəcəsi, nəticənin kütləvi tələbatlılıq və bazar həcmi dərəcəsi, sosial faydalılıq və ekoloji keyfiyyətlilik dərəcəsi, kommersiyalaşma dövrünün nisbi müddətliliyi dərəcəsi, innovasiya məhsulunun gələcək satış qiyməti dərəcəsi kimi subindekslərin (göstəricilərin) təklif olunduğunu bildirib.

Alim elmi-tədqiqat fəaliyyətinin nəticələrinin, innovasiyaların kommersiyalaşması və idarə edilməsinin  aktual  elmi problemlərini də diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmi-tədqiqat fəaliyyətinin, elmi innovasiyaların kommersiyalaşdırılması istiqamətlərdə aparılan tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini qeyd edib və bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, təklif və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: