Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Amin İsmayılovun 70 yaşı tamam olur
15.03.2021 11:45
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Amin İsmayılovun 70 yaşı tamam olur

Aqrar elmlər sahəsində tanınmış alim, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılovun 70 yaşı tamam olur.

İsmayılov Amin İsmayıl oğlu 1951-ci il martın 14-də Kürdəmir rayonunda anadan olub. O, 1972-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Hidromeliorasiya fakültəsini bitirib.

A.İsmayılov 1981-ci ildə “Torpaqşü­naslıq” ixtisası üzrə “Şirvan düzü şəraitində şorlaşmış subasar-çəmən torpaqların minerallaşmış sularla yuyulması” mövzusunda fəlsəfə, 2003-cü ildə isə “Torpaqşünaslıq” və “Ekologiya” ixtisasları üzrə “Azərbaycan torpaqlarının informasiya sistemi” mövzusunda doktorluq işini müdafiə edib. 2011-ci ildə professor elmi adını alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Əmək fəaliyyətinə 1974-cü ildə Şirvanmeliosutikinti Trestində mühəndis vəzifəsində başlayan Amin İsmayılov 1975-1978-ci illərdə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əyani aspiranturasında təhsil alıb. O, 1978-1997-ci illərdə həmin institutda baş laborant, kiçik elmi işçi, böyük elmi işçi qrup rəhbəri, laboratoriya rəhbəri vəzifələrində çalışıb, 1997-2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsa­lat Mərkəzinin direktoru vəzifəsində işləyib. Alim 2004-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Geomatika kafedrasının profes­soru kimi elmi-pedaqoji fəaliyyətini davam etdirib. Amin İsmayılov Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 1990-cı ildə Torpaq və aqrokimyəvi tədqiqatlarda Elektron hesablama maşınlarından istifadə qrupunu, 1995-ci ildə Torpaq informatikası və monitorinqi laboratoriyasını təşkil edib. 2015-ci ildən Torpaq-coğrafi informasiya sistem­ləri adlanan həmin laboratoriyaya rəhbərlik edir.

Amin İsmayılov Azərbaycan torpaqşünaslı­ğında yeni və müasir elmi istiqamət olan torpaq informatikasının və torpaq tədqiqatlarında Coğrafi İnformasiya Sistemlə­rindən (CİS) istifadənin əsasla­rını işləyib hazırlayıb. O, 1985-1988-ci illərdə Suriya Ərəb Respublikasında beynəlxalq torpaq tədqiqatları aparıb.

Alim Azərbaycanda rəqəmsal torpaq xəritəçiliyinin elmi əsaslarının yaradılması, aerokosmik çəkiliş materiallarından istifadə etməklə CİS mühitində torpaq örtüyünün geoməkan təhlili, torpaqların konseptual diaqnostik modellərinin hazırlanması, torpaq-ekoloji mühitin geoinformasiya sistemləri əsasında verilənlər bazasının yaradılması, beynəlxalq torpaq-coğrafi məkana inteqrasiya problemləri üzrə elmi-tədqiqatlar aparır. O, 2012-ci ildə Avropa Torpaq Verilənləri Bazasının Genişləndirmə proqramı çərçivəsində CİS bazasında 1:1000000 miqyasında Azərbaycanın ilk rəqəmsal torpaq xəritəsini hazırlayıb. Amin İsmayılov 2006-cı ildə ilk dəfə olaraq Kür-Araz ovalı­ğı torpaqlarının rəqəmsal şorlaşma xəritəsini tərtib edib və rəqəmsal yüksəklik modelini qurub. Alim 2017-ci ildə BMT-nin Qlobal Torpaq Tərəfdaşlığı proqramı çərçivəsində FAO-nun çap etdiyi “Dünyanın ilk Torpaq Üzvü Karbonu xəritəsi”nin tərkib hissəsi olan “Azərbaycan torpaqlarının üzvü karbon ehtiyatları” rəqəm­sal xəritəsini hazırlayıb.

Bundan əlavə, BMT-nin “Qlobal Torpaq Tərəfdaşlığı” proqramı çərçivəsində həyata keçirilən rəqəmsal torpaq xəritəçiliyi üzrə layihələrdə Azərbaycanı təmsil edir. O, 2017-2019-cu illərdə FAO-nun Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın hazırlanması layihəsində ekspertlər qrupunun rəhbəri olub.

Amin İsmayılov AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri ilə həmmüəlliflikdə geoinformasiya texnologiyaları və kosmik təsvirlər əsasında BMT-nin “Qlobal Torpaq Tərəfdaşlığı” proqramının tələblərinə və beynəlxalq inteqrasiya şərtlərinə uyğun Azərbaycanın 1:100000 miqyasında rəqəmsal torpaq xəritəsinin işlənib hazırlanmasına mühüm töhfə verib.

Tanınmış alim 130-dan artıq elmi əsərin, o cümlədən 5 monoqrafiya, 2 ali məktəb dərsliyi, kitablar və metodiki tövsiyələrin, beynəlxalq patentin müəllifidir. Amin İsmayılovun elmi rəhbərliyi ilə 2 fəlsəfə doktoru hazırlanıb. O, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyasında magistr hazırlığı prosesində yaxından iştirak edir.

2018-ci ildən Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin üzvü­dür. 2019-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya elmləri və aqrar elmlər üzrə Ekspert şurasının sədri kimi məsul vəzifə daşıyır.

Amin İsmayılov, həmçinin ölkənin ictimai həyatında da fəal iştirak edir. Təsadüfi deyildir ki, o, Yeni Azərbaycan Partiyasının 2021-ci il mart ayının 5-də keçirilmiş VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib.

Tanınmış alimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan aqrar elminin inkişafı yolunda və ictimai fəaliyyətində yeni-yeni uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: