Bu gün görkəmli psixoloq alim, “Şöhrət” ordenli, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin 60 yaşı tamam olur.
Bəxtiyar Həmzə oğlu Əliyev 20 mart 1961-ci ildə Ağdam şəhərində anadan olub. 1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. Bakı Dövlət Universitetinin Psixologiya kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 1997-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiridir.
O, 1989-cu ildə “Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi” mövzusunda fəlsəfə, 1998-ci ildə “Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri” mövzusunda doktorluq işini müdafiə edib, 2000-ci ildə professor elmi adını alıb, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Alim məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayıb. Eləcə də “Şəxsiyyətə yeni baxış” nəzəriyyəsinin müəllifidir. O, 6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 35 proqram və metodiki tövsiyənin, 201 elmi məqalə və tezisin müəllifidir, xarici ölkələrdə 65 elmi əsəri çap edilib. Onun “Məhkəmə-psixoloji ekspertizasının əsasları”, “Cinayət və mülki proseslərdə məhkəmə-psixoloji ekspertizası problemləri”, “Diqqət və hafizənin psixologiyası” (həmmüəllif) və s.əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb.
Görkəmli psixoloq alim respublikamızda ilk dəfə olaraq Məhkəmə-psixoloji ekspertizası elmi-tədqiqat laboratoriyasını (1990), Eksperimental psixologiya elmi-tədqiqat (1999) laboratoriyasını, 2018-ci ildə isə Psixologiya Elmi Tədqiqat İnstitutunu yaradıb. 1999-cu ildə isə “Psixologiya jurnalı”nı təsis edib və elə həmin dövrdən indiyədək jurnalın baş redaktorudur.
Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü olan Bəxtiyar Əliyev 2000-ci ildən II, III, IV, V və VI Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2005-2020-ci illərdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, 2020-ci ilin mart ayından indiyə kimi isə VI Çağırış Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədridir.
Elmi kadrların yetişdirilməsində alimin xüsusi xidməti var. B.Əliyevin rəhbərliyi altında 36 fəlsəfə, 6 doktorluq dissertasiyası müdafiə olunub.
Bəxtiyar Əliyev 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elm və təhsil sahəsindəki fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Görkəmli alimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.