Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Arxeologiya fonduna yeni materiallar daxil olub
30.01.2015 00:00
  • A-
  • A
  • A+

Arxeologiya fonduna yeni materiallar daxil olub

Bu günlərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna 4 ədəd arxeoloji tapıntı daxil olub.

Tapıntılar muzeyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, “Xaraba-Gilan arxeoloji ekspedisiyası”nın rəisi, t.ü.f.d. Bəhlul İbrahimli tərəfindən hədiyyə edilib. Təqdim edilmiş tapıntılar 3 ədəd pastadan hazırlanmış silindrik möhürdən və bir tunc toppuz başından ibarətdir.

Qeyd edək ki, tapıntılar həmdövr olub, e.ə. II minilliyin sonlarına aiddir. Silindrik möhürlərdən biri 1985-ci ildə Mərdangöl nekropolundan, digər ikisi isə 2013-cü ildə III Plovdağ nekropolundan arxeoloji qazıntılar zamanı tapılıb. Sonuncu tapıntı – toppuz başı isə 2007-ci il arxeoloji qazıntıları zamanı II Plovdağ nekropolundan əldə edilib. Hazırda tapıntıların inventarlaşdırılması və pasportlaşdırılması istiqamətində işlər aparılır.

Arxeologiya fonduna daxil olmuş bu materiallar ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda, xüsusilə təmsil etdikləri dövrün sosial-iqtisadi münasibətləri, hərb işi və mədəni əlaqələrlə bağlı məsələlərin araşdırılmasında dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: