Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.04.2021 16:40
  • A-
  • A
  • A+

Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydalarına dair seminar keçirilib

Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydalarına dair seminar keçirilib

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə yolları” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini k.e.d., dosent Əfsun Sucayev bildirib ki, dünya təcrübəsində hər bir alimin elmi fəaliyyəti elmmetrik meyarlar əsasında qiymətləndirilir: “Artıq akademik institut olaraq biz də 2016-cı ildən etibarən hər il elm işçilərin fəaliyyətinin qiymətləndirilməsini aparırıq və alimlərimizin göstərdiyi nəticələr əsasında reytinq siyahısı tərtib olunur, ilk 3 yeri tutan əməkdaşlar elmə daha da həvəsləndirilmək üçün mükafatlandırılır. Bu qiymətləndirmə elmi işçilər arasında sağlam rəqabət mühiti yaratmaqla, bütövlükdə institutun elmi fəaliyyətinin yüksəlməsinə xidmət edir”.

Ə.Sucayev qeyd edib ki, aparılan təhlillər nəticəsində bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxş olsa da, yetərli deyil və institutun potensial imkanlarını tam eks etdirmir: “Əsas səbəb kimi həm də elmi işçilərin qlobal elmmetrik bazalar və akademik sosial şəbəkələrdən düzgün və məqsədyönlü istifadə edə bilməmələridir. Ona görə belə bir mövzuda marifləndirmə seminarının keçirilməsini məqbul hesab etdik”.

İnstitutun Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasının mütəxəssisi Rafiq Əsədov mövzu üzrə məruzə edərək, dünya alimlərinin geniş istifadə etdiyi elmmetrik bazalar, onlardan istifadə qaydaları, akademik sosial şəbəkələrdə profillərin yaradılması, onların idarə olunması ilə bağlı konkret nümunələr üzərində ətraflı məlumat verib, sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: