Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mirzə Mehdi Nacinin seçilmiş əsərləri işıq üzü görüb
08.04.2021 23:03
  • A-
  • A
  • A+

Mirzə Mehdi Nacinin seçilmiş əsərləri işıq üzü görüb

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik ideyaları mövqeyində duran, “Divani-hikmət” ədəbi  məclisinin ən fəal üzvlərindən biri, Mirzə Şəfi Vazehin ən yaxın həmkarı və onun ölümündən sonra “Divani-hikmət”ə rəhbərlik edən Mirzə Mehdi Naci öz dövründə halal, dürüst, yalana, riyakarlığa, böhtana qarşı dözülməz bir ziyalı olub, yaradıcılığında da insansevər bir sənətkar kimi hər cür saxtakarlığa, ehkamçılığa qarşı mübarizə aparıb.

Mirzə Mehdinin özünə Naci, yəni nicat verən təxəllüsünü götürməsi onun təbibliyi ilə bağlıdır. Naci bir təbib kimi Gəncədə və Gəncəbasarda yaxşı tanınıb, onun ayrı-ayrı  adamları  müalicə etməsi ilə bağlı faktlar əsərlərində də yer alıb. Bu görkəmli şəxsiyyətin yaradıcılığı tədqiq olunmadığı üçün onun haqqında ədəbiyyat tariximizdə  adı  yalnız  həcvçi (tənqidçi) şair kimi çəkilib. Halbuki Nacinin “Divan” əsərində ictimai, fəlsəfi mövzularda yazılmış şeirləri daha çoxdur. Onun qəzəl, müxəmməs, müsəddəs, qoşma, rübai janrlarında yazdığı şeirlərdə zamanın nəfəsi duyulur.

AMEA-nın Gəncə Bölməsində nəşr edilən “Mirzə Mehdi Naci. Seçilmiş əsərləri” kitabında şairin qəzəl, müxəmməs və müsəddəsləri, rübailəri, müxtəlif şeirləri, həcvlərdən seçmələr, habelə farscadan tərcümə edilmiş şeirlər toplanıb və burada şairin güclü humanizmi əks olunub. Əsərdə təbib, həkkak və şair olan Mirzə Mehdi Nacinin yaradıcılığı hərtərəfli tədqiq və təhlil edilib. 

Vəsait maarifpərvər şairin çoxşaxəli, zəngin yaradıcılığının daha dərindən araşdırılmasında, tədqiq və təbliğində çox önəmli bir addımdır. Kitabı tərtib edən, transliterasiya, tərcümə və “Ön söz”ün müəllifi AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusiflidir.

“Nizami Gəncəvi ili” çərçivəsində ərsəyə gələn monoqrafiya bu dahi ədibin irsinin daha dərindən öyrənilməsinə sanballı töhfə, ədəbiyyat tariximizi tədqiq edən ədəbiyyatşünas alimlər üçün qiymətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: