Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

YT Park və Aşqarlar Kimyası İnstitutunun birgə layihələrinin müzakirəsi olub
14.04.2021 16:48
  • A-
  • A
  • A+

YT Park və Aşqarlar Kimyası İnstitutunun birgə layihələrinin müzakirəsi olub

Yüksək Texnologiyalar Parkında (YT Park) AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyevlə görüş keçirilib.

Görüşdə YT Parkın baş direktoru Vasif Abbasov, texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) istehsal üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov və zavodun baş mühəndisi Adil Ağayev iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd iki qurum arasında birgə fəaliyyətin dərinləşdirilməsi, prioritet istiqamətlərin müəyyənləşdirilməsi və onların gələcəkdə reallaşdırılması məsələlərinin müzakirəsi olub.

Tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev iki müəssisə arasında birgə həyata keçirilən layihələrdən bəhs edib. O, AKİ-də əldə edilmiş bir sıra mühüm elmi nəticələrin Texnoparkın  rezidenti olan “Aşqar” Elmi İstehsalat Birliyində həyata keçirildiyini deyib. Alim rəhbərlik etdiyi institutun tədqiqatçılarının TSZ-in mütəxəssisləri ilə birgə apardıqları tədqiqatlar nəticəsində yaradılmış “M-16ИХП-3У” xüsusi təyinatlı mühərrik yağının Ukraynada dörd mərhələli sınaqdan uğurla keçərək müsbət rəy aldığını da diqqətə çatdırıb. V.Fərzəliyev hazırda bu yağın ixracını təmin etmək məqsədilə Pakistan ilə danışıqlar aparıldığını qeyd edib.

Akademik, həmçinin nəzərə çatdırıb ki, qeyd olunan xüsusi təyinatlı yağa patent verilməsi haqqında Əmtəə nişanları və patent üzrə Ekspert Mərkəzi qərar verib.

AKİ-nin direktoru iki qurum arasında müxtəlif istiqamətlərdə aparılan birgə əməkdaşlıq əlaqələrini gələcəkdə daha da inkişaf etdirməklə yüksək nəticələr əldə olunacağına əminliyini bildirib.

Sonra çıxış edən YT Parkın baş direktoru V.Abbasov rəhbərlik etdiyi qurumun rezidenti olan Təcrübə-Sənaye Zavodunun müasir standartlara uyğun texnoloji qurğulara malik olduğunu və burada istehsal olunan məhsulların respublikanın bir sıra təşkilatları tərəfindən istifadə edildiyini diqqətə çatdırıb.

O, həmçinin texnoparkda istehsal olunan məhsulların satışının təşkili üçün yeni mənbələrin müəyyən olunmasının əhəmiyyətindən danışaraq, yerli sahibkarlar və sifarişçilərlə əlaqələrin genişləndirilməsinin zəruriliyi məsələsinə toxunub.

Tədbirin sonunda AKİ ilə YT Park və TSZ arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində təklif və tövsiyələr irəli sürülüb, məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: