Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Mədəni irsimiz – milli sərvətimiz
16.04.2021 10:48
  • A-
  • A
  • A+

Mədəni irsimiz – milli sərvətimiz

Turana qılıncdan daha kəskin, ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyn Cavid

Aprel ayı mədəniyyət sahəsində bir sıra əlamətdar tarixlərlə gündəmə gəlir. Bunlardan ikisi – aprelin 15-i dünyada Beynəlxalq Mədəniyyət Günü, 18-i isə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Sözügedən əlamətdar günlərlə əlaqədar respublikamızın Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, AMEA, ölkə muzeyləri, qoruqları və digər mədəniyyət və elm ocaqları tərəfindən müxtəlif konfrans, görüş, “Açıq qapı” günləri, sərgi və s. tədbirlər həyata keçirilir.

Mədəniyyət o qədər geniş bir anlayışdır ki, əsrlər boyu bu sözün müxtəlif izahları meydana çıxıb. Latın dilindən (cultura) “becərilmə” kimi tərcümə edilən   mədəniyyət anlayışı sonralar “tərbiyə, savad, inkişaf, maarifçilik” mənasını daşımağa başlayıb. Hələ qədim yunan natiqi Siseron “cultura animi” (ruhun becərilməsi) anlayışını irəli sürüb. Kənd təsərrüfatı sahəsinə aid edilən metaforanı fəlsəfə kateqoriyası olan ruhun inkişafına tətbiq edən Siseron mədəniyyəti barbarlığın müxtəlif ifadələrinə qarşı vasitə və insanın vətəndaşa çevrilməsini təmin edən alət hesab edib.

Beləliklə, mədəniyyət insan fəaliyyətinin müxtəlif istiqamətlərində çoxsaylı mənaları ilə seçilən anlayış olaraq fəlsəfə, psixologiya, kulturologiya, tarix, sənətşünaslıq, politologiya, pedaqogika, linqvistika (etnolinqvistika), etnologiya və digər elm sahələrinin araşdırma predmetidir. İnformasiya əsrində isə yeni anlayışların meydana gəlməsi ilə (“informasiya mədəniyyəti”, “elektron mədəniyyət” və s.) mədəniyyət tədricən informatikanın da araşdırma predmetinə çevrilməkdədir.

1982-ci ildə UNESCO-nun nəzdində yaradılan Abidələrin və Görməli Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) Assambleyası tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü təsis edilib. Ümumdünya irs günü kimi də tanınan bu günün devizi belədir: “Tarixi vətənimizi qoruyaq”. Hər il İCOMOS bayramın əsas mövzusunu təklif edir. Son illər tarixi irs və turizm, tarixi irs və nəsillər arasında bağlılıq, idman irsi, ümumi mədəniyyətlər, ümumi irs və ümumi məsuliyyət sahələrinə daha çox önəm verilir.

1998-ci ildə isə Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası Beynəlxalq Mədəniyyət Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bu bayram1935-ci il aprelin 15-də qəbul olunmuş “Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında” beynəlxalq müqavilənin (Rerix Paktı) şərəfinə qeyd olunur.

1914-cü ildə mədəniyyəti bəşəriyyətin inkişaf yolunda əsas hərəkətverici qüvvə hesab edən görkəmli rəssam və mədəniyyət xadimi Nikolay Rerix Rusiya və müharibənin digər iştirakçı dövlətlərinin hökumətlərinə müraciət edərək mədəni dəyərlərin qorunmasını təmin edən beynəlxalq sazişin bağlanması təklifini irəli sürüb. Lakin bu təklif cavabsız qalıb. 1929-cu ildə Rerix mədəni dəyərlərin qorunması haqqında müqavilənin layihəsini hazırlayaraq onu dünya ölkələrinin hökumətləri və xalqlarına ünvanladığı müraciətlə birlikdə nəşr etdirib. Bu ideyanı Albert Eynşteyn, Romen Rollan, Bernard Şou, Rabindranat Taqor, Tomas Mann, Qerbert Uels və digər görkəmli elm və mədəniyyət xadimləri dəstəkləyib, bir çox ölkələrdə Paktın qəbul olunmasına dair çağırışlarla çıxış edən komitələr yaradılıb. 1931-ci ildə Belçikanın Brüqqe şəhərində keçirilən konfransda Nikolay Rerix ilk dəfə olaraq Beynəlxalq Mədəniyyət Gününün təsis olunmasını təklif edib və bu tədbirin əsas məqsədini səsləndirib: insanları gözəllik və biliklərə yiyələnməyə çağırmaq və əsl dəyərlərin nələrdən ibarət olduğunu bəşəriyyətin yadına salmaq.

Nəhayət, 1935-ci il aprelin 15-də Vaşinqtonda 21 ölkənin başçıları tərəfindən tarixdə ilk dəfə olaraq yaradıcısının şərəfinə Rerix Paktı adlanan “Mədəniyyət, elm və incəsənətin məqsədlərinə xidmət edən müəssisələrin, həmçinin tarixi abidələrin qorunması haqqında” beynəlxalq müqavilə imzalanıb.

Rerix, həmçinin qorunan mədəniyyət obyektlərini fərqləndirmək üçün “Sülh Bayrağı”nın (“Mədəniyyət Bayrağı”) da tətbiq olunmasını təklif edib. Ağ rəngli bayrağın üzərində əks olunan bir-birilə bağlı üç amarant rəngində dairə bəşəriyyətin keçmiş, indiki və gələcək nailiyyətlərinin, onları əhatə edən halqa isə Əbədiliyin rəmzidir. Bu simvol beynəlxalq xarakter daşıyır və qədim dövrlərdən bu günədək bir çox xalqların sənət əsərlərində öz əksini tapır. Rerixin fikrincə, Sülh Bayrağı mədəniyyət obyektlərinin üzərində bəşəriyyətin əsl mənəvi dəyərlərinin müdafiəçisi kimi dalğalanmalıdır.

Rerix Paktı mədəni irsin qorunmasına dair beynəlxalq hüquqi normaların formalaşmasında mühüm rol oynayaraq bir çox beynəlxalq sənədlərin, o cümlədən UNESCO-nun bir sıra aktlarının əsasını təşkil edib. 2008-ci ildə İtaliya, İspaniya, Rusiya, Meksika, Kuba, Argentina və digər ölkələrin ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Sülh Bayrağı altında Beynəlxalq Mədəniyyət Günü kimi təsdiq olunmasına dair Beynəlxalq hərəkat yaradılıb. Hazırda bayram dünyanın müxtəlif ölkələrində qeyd olunur.

Qeyd edək ki, bir çox beynəlxalq konvensiya və qətnamələr kimi Rerix Paktı da müharibə dövründə mədəni irsin qorunmasını təmin edir. Buna baxmayaraq, bu sənədin müddəaları təəssüf ki, kobud şəkildə müxtəlif ölkələr tərəfindən pozulur. Uzaq getmək lazım deyil, elə işğaldan azad edilən ərazilərimizə nəzər salsaq bunun bariz nümunəsini görərik. Bütün dünya burada yerləşən kurqan, nekropol, bazilika, monastır, məbəd, saray, körpü, qala, muzey, heykəl, büst və digər növ abidələrin hansı hala düşdüyünün şahididir. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılovun ideya müəllifi olduğu beynəlxalq layihə çərçivəsində nəşr edilən “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabında bildirilir ki, regionda dövlət tərəfindən qeydə alınan 903 abidə arasında həm yerli və regional, həm də beynəlxalq əhəmiyyətli abidələr var. Həmçinin bu ərazidə 1647 dövlət qeydiyyatında olmayan abidələr yerləşir.

F.İsmayılov saxtalaşdırmalara məruz qalan alban məbəd memarlığının inciləri olan Xudavəng, Gəncəsər, Ağoğlan, Urek və digər abidələr haqqında ətraflı danışaraq qeyd edir ki, “bütün bu vandallıqları ifşa etmək üçün Cənubi Qafqazda xristianlıq dövrü bazilika və monastırlarının tikinti quruluşunun öyrənilməsi böyük əhəmiyyət kəsb edir”. Həmçinin Şuşa, Ağdam, Qubadlı, Füzuli, Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər rayonlarında yerləşən əzəmətli məscidlər (Dağlıq Qarabağ və ətraf rayonlarda 67 məscid rəsmi fəaliyyət göstərirdi), ibadət yerləri, qəbirsandıqlar və epiqrafik abidələr haqqında bəhs edərək müəllif 63 məscidin tamamilə, 4 məscidin isə qismən dağıdılaraq yararsız hala salındığını bildirir. Bu kimi nümunələr çoxdur.

Mədəni irsin qorunması, təbliği və tanıdılmasına dair bayramlar ərəfəsində biz, AMEA Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva ilə söhbət etdik.

Rahibə xanım, rəhbərlik etdiyiniz şöbədə hansı elmi-tədqiqat işləri aparılır?

- Öncə bildirmək istəyirəm ki, 2011-ci ildə yaradılan Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsi institutun nisbətən yeni şöbələrindəndir. Ötən dövr ərzində şöbəmizdə mühüm işlər görülüb. Şöbə respublikanın Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi ilə sıx əlaqədə fəaliyyət göstərir, abidələrin qorunması, bərpası və konservasiyası ilə bağlı bütün işlər AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, xüsusilə də bizim şöbənin fəal iştirakı ilə həyata keçirilir. Şöbəmizdə plan üzrə bir çox işlər aparılır. Azərbaycanın tarixi, memarlıq, etnoqrafiya və mədəniyyət qoruqları, məsələn, Abşeronda yerləşən İçərişəhər, Atəşgah, Qobustan, Qala və Nardaran qoruqlarının öyrənilməsi sahəsində işlər görülüb. Demək olar ki, bu qoruqlar, onların ərazisində yerləşən bütün abidələr ayrı-ayrılıqda tədqiq olunub, bu məsələlərə dair monoqrafiyalar nəşr edilib. Bununla yanaşı Abşeronun qoruq olmayan ərazilərində, kəndlərində də tədqiqatlar aparılıb, təkcə Abşeronda deyil, ümumiyyətlə respublika üzrə yeni aşkar olunan abidələr siyahılaşdırılaraq Mədəniyyət Nazirliyinə təqdim edilib.

Şöbənin əməkdaşları, eləcə də doktorant və magistrantları tərəfindən Azərbaycanın müxtəlif bölgələrində yerləşən abidələr və qoruqlar öyrənilir. Məsələn, Basqal, Lahıc, İlisu, Şəki qoruqları və s. 2019-cu ildə şöbənin əməkdaşları Zaqatalada abidələrin monitorinqini keçiriblər. Şamil qalasının, şəhərin mərkəzindəki Rus Pravoslav Kilsəsinin, Çingiz qalasının və s. abidələrin vəziyyəti öyrənilib. Elə həmin ildə Turizm Agentliyi ilə birlikdə Göygöl şəhərində “Alman irsi”nin tədqiqi işləri aparılıb, abidələrin siyahısı, pasportları hazırlanıb.

Həmçinin Qafqaz Albaniyası abidələrinin, habelə Qafqaz Albaniyasının Avropada yerləşən Albaniya dövlətilə əlaqələrinin öyrənilməsi sahəsində böyük işlər görülür. Dini-xristian abidələrinin tədqiqi, onların qorunması, konservasiyasına dair təkliflər irəli sürülür. Onu da qeyd edim ki, hazırda mənim də daxil olduğum institutumuzun ekspert qrupu UNESCO-ya təqdim olunacaq İrəvan ərazisindəki Azərbaycan abidələrinin siyahısının hazırlanması, onların müasir vəziyyətinin öyrənilməsinə dair işlərin aparılmasında yaxından iştirak edir.

Bildiyimiz kimi, respublikada daim quruculuq, abadlıq işləri görülür, yeni tikililər ərsəyə gəlir, yollar salınır və s. Zəhmət olmasa bu işdə müvafiq qurumlarla şöbənin, ümumilikdə Memarlıq və İncəsənət İnstitutunun ekspert rəyinin alınması, müzakirələrin aparılması və digər istiqamətlərdə əməkdaşlığından danışardınız.

- Bizim şöbəmiz memarlıq abidələrinin qorunması və bərpası məsələlərilə məşğul olur. Əgər yeni salınan yolların üzərində, quruculuq işləri zamanı yeni abidələrə təsadüf edilirsə, hər hansı bir abidə aşkarlanırsa və yaxud onların qorunması ilə bağlı şöbəyə müraciət olunursa biz həmin obyektlərə baxış keçiririk, abidələrdə tədqiqat işləri aparırıq. Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, bölgələrdəki icra hakimiyyəti orqanları, hətta fərdi şəxslər tərəfindən müvafiq müraciətlər daxil olduqda şöbəmiz ekspert qrupu qismində həyata keçirilən tədbirlərdə iştirak edir. AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, bizim şöbəmiz başda olmaqla, yeni aşkar olunmuş abidələrin dövlət reyestrinə götürülməsi, abidələrdə bərpa və konservasiya işlərinin aparılması, mövcud olmayan abidələrin siyahıdan çıxarılması kimi müraciətlərdə rəyçi qismində iştirak edir.

-  Qarabağda yerləşən abidələrimizin bərpası ilə bağlı şöbədə nə kimi işlərin, tədbirlərin görülməsi planlaşdırılır?

- Qarabağ ərazisində yerləşən abidələrin tədqiqi, onların monitorinqi, gələcəkdə bu abidələrin bərpası, konservasiyası Azərbaycanın bütün memar, bərpaçı, bu sahə üzrə bütün mütəxəssislərin qarşısına qoyulan başlıca vəzifədir. Görülən və görüləcək tədbirlər zamanı şöbəmizin əməkdaşları da öz əməyini əsirgəmir və əsirgəməyəcək. Bu, hər birimizin borcudur. Bu gün Qarabağ zonasının abidələrinin yenidən dirçəldilməsi, bərpa və konservasiya olunaraq gələcək nəsillərə ötürülməsi işində hamımız əlimizdən gələni etməliyik. Məlumdur ki, regionda yerləşən abidələr erməni vandalları tərəfindən bərbad vəziyyətə salınıb, bir sıra Alban abidələrimiz erməniləşdirilib, İslam abidələri isə təmamilə dağıdılıb və ya yararsız hala salınıb, bir çox şəhərlərimiz, kəndlərimiz viran edilib.

Respublikamızın bütün alim və mütəxəssisləri kimi şöbəmizin də əməkdaşları tərəfindən bu sahədə xüsusi işlər aparılır. İşçi qrupu yaradılıb ki, bu qrupa şöbəmizin əməkdaşları da daxil edilib. Həmin alimlər Qarabağ abidələrilə bağlı monitorinqlərdə iştirak edəcək, hətta bir əməkdaşımız artıq Şuşada aparılan monitorinqə qatılıb. Gələcəkdə də bu kimi tədbirlərdə yaxından iştirak edərək abidələrin qorunması və bərpasına dair öz təkliflərimizi verəcəyik.

Qarabağ abidələri ilə bağlı dəfələrlə ölkənin kütləvi informasiya vasitələrində müsahibə və məqalələrlə çıxış etmişik. Vurğulamaq istəyirəm ki, bu abidələrin tədqiqi və bərpası qarşımızda duran ən mühüm məsələdir. Xudafərin körpüləri, Şuşa Tarix-Memarlıq Qoruğu, Kəlbəcərdə yerləşən Qafqaz Albaniyası dövrünə aid abidələrin yenidən bərpası və konservasiyası, onların monitorinqinin keçirilməsi, gələcəkdə Qarabağ abidələrinin siyahısının UNESCO-ya təqdim olunmasına dair öz təkliflərimizi irəli sürmüşük. Beləliklə, biz memarlar bu irsimizi bərpa edərək gələcək nəsillərə ötürmək və dünyaya tanıtmaq işində əlimizdən gələni edəcəyik.

-  Çox sağ olun, Rahibə xanım. Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.

Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: