Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsi beynəlxalq əlaqələrini genişləndirir
16.04.2021 15:52
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsi beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın Naxçıvan Bölməsi və Türk Tarix Qurumu Başqanlığı nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Giriş sözü ilə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd Naxçıvan Bölməsinin qardaş ölkənin elmi müəssisələri ilə əlaqələrinin daha da genişləndirilməsi, səmərəli əməkdaşlığın yaradılmasıdır.

Akademik daha sonra Naxçıvan Bölməsi haqqında dinləyicilərə məlumat verib. Qeyd olunub ki, bölmə ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən yaradılıb. Yaradıldığı dövrdən etibarən bölmədə 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar İnstitutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu fəaliyyət göstərir. Bölmədə aparılan tədqiqatların əsas istiqamətini Naxçıvanın tarixi, ədəbi mühiti, təbii ehtiyatları, flora və faunasının hərtərəfli tədqiqi təşkil edir. Çoxşaxəli araşdırmalar aparan bölmənin Əlyazmalar Fondunda və Elmi Arxivində mühüm elmi əhəmiyyətə malik materiallar mövcuddur.

Bölmə sədri aparılan elmi tədqiqatlar və onların nəticələrindən ətraflı bəhs edərək diqqətə çatdırıb ki, 18 illik fəaliyyəti dövründə Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən iki cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, üç cildlik “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, üç cildlik “Naxçıvanın folkloru antologiyası”, iki cildlik “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırkı vəziyyəti və perspektivləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas (üç dildə), iki cildlik “Naxçıvan coğrafiyası” kimi fundamental nəşrlər, çoxsaylı kitab və monoqrafiyalar, dərs və metodik vəsaitlər, xəritələr və s. işıq üzü görüb. Bölmə alimləri indiyədək 34 patent və müəlliflik şəhadətnaməsi alıblar.

AMEA-nın Naxçıvan Bölməsi Tür­kiyə, Rusiya, ABŞ, Polşa, Fransa, İran, Şi­ma­li Makedoniya, Qazaxıs­tan­, Gürcüstan kimi ölkələrin 20-dən artıq elm və təhsil mərkəzləri ilə səmə­rəli əmək­daşlıq etməkdədir.

Alim çıxışında yeni əməkdaşlığın Türkiyə Cümhuriyyətinin Naxçıvan Baş konsulluğunun vasitəçiliyi ilə keçirildiyini bildirib. Türk Tarix Qurumu ilə əməkdaşlığın elmi istiqamətlərindən, bu əlaqələrin vəd etdiyi gələcək səmərələrdən söz açıb.

Tədbirdə çıxış edən Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mehmet Emin Kiraz hər iki qardaş ölkənin tarixi, mədəni və mənəvi bağlılığından söz açıb. Çıxış zamanı Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasında davam edən məhsuldar əlaqələrdən, elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlardan bəhs olunub. Yeni yaradılmaqda olan əməkdaşlığın faydalı olacağına inam ifadə olunub.

Türk Tarix Qurumunun rəhbəri, professor Birol Çetin, Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Emin Şıxəliyev, Türk Tarix Qurumunun nümayəndələrindən professorlar Hikmet Öksüz, Haluk Selvi, İbrahim Tellioğlu və Hüseyin Murat Yücel tədbirdə çıxış edərək iki elmi qurum arasındakı əməkdaşlığı təqdir ediblər.

Tədbirdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, iki qardaş ölkənin elm adamlarının iştirakı ilə tarixi faktların daha əhatəli tədqiqi, elmi əhəmiyyətli monoqrafiya və kitabların tərcüməsi və təbliği ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hər iki qurum arasında imzalanacaq elmi əlaqələrə dair protokolla bağlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: