Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeyin əməkdaşları Nizami Gəncəviyə həsr olunan tədbirdə iştirak ediblər
16.04.2021 17:58
  • A-
  • A
  • A+

Muzeyin əməkdaşları Nizami Gəncəviyə həsr olunan tədbirdə iştirak ediblər

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları Lənkəran şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən videokonfransda iştirak ediblər.

Böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirdə Lənkəran şəhər gəncləri və məktəbliləri ilə yanaşı, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Məqbərə Filialının müdiri Gülnarə İsmayılova, Türkiyənin Səlcuq Universitetinin professoru Ali Temizel və digərləri iştirak ediblər.

Konfransda muzeyin əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Nəzmiyyə Yigitoğlu və Sevinc Heydərova da iştirak ediblər.

Nəzmiyyə Yigitoğlu tədbirdə muzeyin Nizami Gəncəvi irsini yaşadan ekspozisiya zalları barədə məlumat verib. Daha sonra videoçarx vasitəsilə Nizami muzeyinin zallarına virtual səyahət keçirilib.  

Sevinc Heydərova isə çıxışında Nizami Gəncəvi yaradıcılığında qadına münasibətin səciyyəvi xüsusiyyətlərindən danışıb. O, şairin “Xəmsə”sini bəzəyən bir-birindən maraqlı qadın qəhrəmanlardan söz açaraq, onları ideya-məzmun baxımından təhlil edib.

Daha sonra videokonfransın fəxri qonaqlarından olan Türkiyə Səlcuq Universitetinin professoru Ali Temizel çıxış edərək Nizami Gəncəvi məsnəvilərinin Türkiyə miqyasındakı tərcümə və nəşr tarixindən bəhs edib.

Sonda tədbir iştirakçıları videoçarx vasitəsilə Gəncə şəhərində yerləşən Nizami Mərkəzi və Nizami məqbərəsindən görüntüləri izləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: