Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
22.04.2021 10:14
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Geomexanika, geodinamika və tektonofizika sahələri üzrə görkəmli alim, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsi­nin müdiri, Əməkdar elm xadimi, akademik Hətəm Hidayət oğlu Quliyev 2021-ci il aprelin 21-də ömrünün 74-cü ilində vəfat edib.

Hətəm Quliyev 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini “Mexanika” ixtisası üzrə bitirib.

Hətəm Quliyev 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.

O, 1969-cu ildən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, müxtəlif illərdə bir sıra vəzifələrdə çalışıb. 2003-cü ildən ömrünün sonuna kimi AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsi­nin müdiri vəzifəsində işləyib.

Alimin rəh­bər­liyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin və bir sıra  respublika təşkilatlarının sifarişi ilə mühüm elmi-texniki layi­­hələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələgəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi və bir sıra digər istiqamətlər üzrə mühüm işlər daxildir.

Akademik Hətəm Quliyevin elmi fəaliyyəti və onun elmin inkişafına xidmət edən töhfələri yüksək qiymətləndirilərək keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində gümüş medala (1988), AMEA Rəyasət Heyətinin Fəxri fərmanına (2007), Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına (2018) layiq görülüb.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı akademik Hətəm Hidayət oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Ramiz Mehdiyev

Xoşbəxt Yusifzadə

Cəmil Əliyev

Dilqəm Tağıyev

İsa Həbibbəyli

Nərgiz Paşayeva

İbrahim Quliyev

Rasim Əliquliyev

İradə Hüseynova

Tofiq Nağıyev

Adil Qəribov

Gövhər Baxşəliyeva

Akif Əlizadə

Fuad Əliyev

İsmayıl Hacıyev

Fəxrəddin Qədirov

Pərviz Məmmədov

Vasif Babazadə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: