Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.02.2015 00:00
  • A-
  • A
  • A+

Görkəmli alim Akif Hacıyev son mənzilə yola salındı

Görkəmli alim Akif Hacıyev son mənzilə yola salındı

Bu gün AMEA-nın Əsas binasında görkəmli Azərbaycan riyaziyyatçısı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyevlə vida mərasimi keçirildi.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərhumun cənazəsi önünə hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Vida mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, AR Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov, akademiklər Abel Məhərrəmov, Telman Əliyev, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, professor Misir Mərdanov çıxış edərək alimin riyaziyyat elminin inkişafındakı xidmətlərindən, zəngin elmi yaradıcılığından söz açdılar, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdilər.

Mərhumun ailəsi adından çıxış edən qardaşı Aqil Hacıyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirdi.

Sonra alimin cənazəsi son mənzilə yola salındı. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırıldı.

Şərəfli ömür yaşamış Akif Hacıyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: