www.science.az
06.02.2015 00:00

AMEA Kimya Elmləri Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

Bu gün AMEA Rəyasət Heyətinin iclasında AMEA Kimya Elmləri Bölməsinin (KEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu. Bu barədə bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev məruzə etdi. Bildirdi ki, 2014-cü ildə bölmə institutlarının fəaliyyətində AR Prezidentinin “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” və digər mühüm sənədlər əsas götürülmüşdür.

Məruzəçi qeyd etdi ki, il ərzində KEB-in institut və təşkilatlarında 16 problemi əhatə edən 47 mövzu üzrə tədqiqatlar aparılmış və 8 mövzu üzrə iş tamamlanmışdır. Bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 8, tətbiqi yönümlü tədqiqatlar sahəsində isə 7 mühüm nəticə əldə etmişlər. Tətbiq planında nəzərdə tutulmuş 11 iş yerinə yetirilmişdir.

Sonra akademik D.Tağıyev bölməyə daxil olan institut və təşkilatlarda il ərzində aparılmış elmi-tədqiqatlar və onların nəticələri haqqında məlumatları diqqətə çatdırdı.

Bildirdi ki, hər il olduğu kimi bu hesabat ilində də bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Rusiya, Yaponiya, Almaniya, İspaniya və s. ölkələrlə müvafiq sahədə əməkdaşlıq münasibətləri qurulmuş, kadr və təcrübə mübadiləsi aparılmışdır.

Bölmə institutlarının ixtisaslaşdırılmış müdafiə şuralarında 26 fəlsəfə doktoru və 6 elmlər doktoru dissertasiyaları müdafiə edilmişdir. 2014-ci ildə kimyaçı-alimlər tərəfindən hazırlanmış 22 kitab və monoqrafiya çapdan çıxmış, bir sıra məqalələr impakt faktorlu jurnallara daxil olmuşdur. Akademik vurğuladı ki, əldə olunmuş əsas elmi nəticələr respublikada keçirilən konfranslardan başqa bir sıra beynəlxalq tədbir, konqres və simpoziumların materiallarında öz əksini tapmışdır.

Hesabatla bağlı akademiklər Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Rasim Əliquliyev, Adil Qəribov, Vaqif Fərzəliyev, Vaqif Abbasov və başqaları suallarla çıxış etdilər.

Sonda AMEA Rəyasət Heyətinin qərarına əsasən, KEB-in 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edildi. Bölmənin fəaliyyəti ilə əlaqədar qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyevə həvalə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.