Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vətən müharibəsində iştirak etmiş rəsədxana əməkdaşları təltif olunub
07.05.2021 14:05
  • A-
  • A
  • A+

Vətən müharibəsində iştirak etmiş rəsədxana əməkdaşları təltif olunub

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) sözügedən müəssisənin Həmkarlar Komitəsinin və rəsədxana rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş rəsədxana əməkdaşları ilə görüş keçirilib. 

Tədbiri rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, 44 günlük Vətən müharibəsi dövründə bütövlükdə xalq olaraq birliyimizin bütün dünya üçün vətənpərvərlik nümunəsi olmasından danışıb. O qeyd edib ki, cəmiyyətdə tutduğu mövqedən, peşəsindən asılı olmayaraq hər kəs sülh dövründə adi həkim, müəllim, mühəndis, lakin müharibə vaxtı vətənin çağırışında isə hər kəs müsəlləh əsgər olduğunu əyani şəkildə göstərib.

ŞAR müharibə dövründə Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib, ordumuza daşınmalarda nəqliyyat dəstəyi göstərib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya elm ictimaiyyətinə çatdırılması üçün bütün beynəlxalq əlaqələr səfərbər edilib 200-dən çox beynəlxalq təşkilata, 700-dən çox xarici elmi əməkdaşlara rəsmi mail ünvanlanaraq, münaqişənin real aspektləri onların diqqətinə çatdırılıb. N.Cəlilov bildirib ki, mübarizənin bütün aspektlərində ordumuza tam dəstək olan rəsədxananın əməkdaşları cəbhədə də düşmənlə mübarizədən kənarda qalmayıb. Belə ki, ŞAR əməkdaşları və rəsədxana əməkdaşlarının övladları Vətən Müharibəsində iştirak ediblər. ŞAR rəhbərliyi və Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə səfərbərliyə cəlb edilmiş rəsədxana əməkdaşlarının ailələrinə yardım edilib.

ŞAR Həmkarlar Komitəsinin sədri Famil Mustafa çıxış edərək Ermənistanın hərbi təcavüzünə cavab olaraq ordumuz tərəfindən aparılan genişmiqyaslı əks-hücum əməliyyatları zamanı xalqımızın dövlət başçısının ətrafında həmrəylik nümayiş etdirməsindən və bu birlikdə gənclərin rolundan danışıb.

Tədbirin sonunda Vətən Müharibəsində iştirak etmiş ŞAR əməkdaşlarına AMEA Azad Həmkarlar İttifaqının “Fəxri Fərman”ı və rəsədxana kollektivi adından üzərində zəfər tarixi həkk olunmuş qol saatı təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: