Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Muzeydə “Nizami ili” ilə əlaqədar yeni layihə başlayıb
07.05.2021 16:48
  • A-
  • A
  • A+

Muzeydə “Nizami ili” ilə əlaqədar yeni layihə başlayıb

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Bu ədəbi hadisə klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqət və məqsədyönlü siyasətin bariz nümunəsidir.

Bu məqsədlə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı da Tədbirlər planı işləyib hazırlayıb. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı il ərzində rayon Təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz... devizi ilə Nizami mühazirələri” keçirilməsinə start verib.

İlk mühazirə 5 may tarixində onlayn formatda baş tutub.

Tədbiri AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaqut Bahadurqızı açaraq qeyd edib ki, XII əsrdə dahi şairimiz Nizami Gəncəvi elmin insan həyatındakı əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirib, öz əsərlərində bir sıra elmi məsələlərə toxunub. Nizami elmə, elm adamına olan müsbət münasibətini mühazirələrimizin devizi kimi qəbul etdiyimiz kəlamında layiqli şəkildə ifadə edib. Mühazirələrimizin məqsədi gənc nəslin Nizami irsinə marağının artırılması, onlara şairin yaradıcılığının bütün aspektlərdən öyrənilməsini təmin etməkdir.

Sonra AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ağaverdi Xəlil “Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları” mövzusunda mühazirə söyləyərək  Nizaminin öz əsərlərində Azərbaycan şifahi xalq ədəbiyyatının bütün nümunələrindən - atalar sözlərindən, məsəllərdən, əsatir və əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan yaradıcı şəkildə istifadə etməsindən bəhs edib, “Xəmsə”dən nümunələrlə fikirlərini təsdiqləyib.

Mühazirədə Kürdəmir rayon ümumtəhsil məktəblərinin sayılıb-seçilən dil-ədəbiyyat müəllimləri və Nizami yaradıcılığına maraq göstərən X-XI sinif şagirdləri iştirak ediblər.

Sonda mühazirəçi dinləyicilərin suallarını cavablandırıb. 

Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov təhsil işçiləri adından mühazirəçiyə və onlayn mühazirənin moderatoruna təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: