Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev fenomeni və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib
09.05.2021 15:45
  • A-
  • A
  • A+

“Heydər Əliyev fenomeni və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev fenomeni və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova açıb. S.Nəsirova “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı məruzəsində ümummilli liderin Azərbaycan gənclərinə həmişə böyük diqqətlə yanaşdığını söyləyib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələnib.

Sonra muzeyin YAP Azərbaycan tarixçiləri ilk ərazi təşkilatının sədri  Pərvanə Əzimova “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda çıxış edib. P.Əzimova məruzəsində bildirib ki, müstəqil Azərbaycan dövləti, bu gün artıq əsasları kifayət qədər möhkəm olan dövlətçiliyimiz, dünyaya açılmış qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, işıqlı yol - bu reallıqların hər birində Heydər Əliyevin imzası var.

Daha sonra muzeyin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Fatma Qəniyeva “Milli inkişafımızın memarı Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı məruzə ilə çıxış edib. F.Qəniyeva öz məruzəsində vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Zümrüd İsmayılova isə “Milli mədəniyyətimizdə Heydər Əliyev ideyaları (MATM materialları əsasında)” adlı məruzəsi qeyd edib ki, milli-mədəni, tarixi dəyərlərə, muzey işinə maraq Heydər Əliyevdə hələ tələbəlik illərindən yaranıb və Azərbaycanda muzey işinə qayğı, diqqət ulu öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutub.

Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: