Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Dünyanı bəzəyən Abbasın tarixi” kitabının təqdimatı keçirildi
09.02.2015 00:00
  • A-
  • A
  • A+

“Dünyanı bəzəyən Abbasın tarixi” kitabının təqdimatı keçirildi

Fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin doğma dilimizə tərcümə olunmuş “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mail Əhmədov “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə mühüm töhfə olduğunu söylədi. Bildirdi ki, Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvilər imperiyasının tarixini araşdırmaq üçün dəyərli mənbə olan kitabı doğma dilimizə tarix elmləri doktoru, professor Şahin Fərzəliyev çevirib. Tarix İnstitutu bu əsəri iki kitab şəklində nəşr etdirib.

Sonra Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov kitabın əhəmiyyətindən və məziyyətlərindən danışdı. Qeyd etdi ki, İsgəndər bəy Münşinin bu əsərinin doğma dilimizə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsərlərdə də möhtəşəm tarixi əsərlər yaratdığını bir daha sübut edir.

Bildirildi ki, Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşinin fars dilində yazdığı “Tarix-i aləmara-yi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərinin bütöv halda doğma dilimizdə işıq üzü görməsi Tarix İnstitutunda icra olunan “Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri” layihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti ən mühüm nailiyyətlərdən biridir.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının dövlətçilik tarixində böyük bir tarixi dövrü (235 il) əhatə edən qüdrətli Səfəvi imperiyası xüsusi yer tutur. Öz dövrünün beynəlxalq münasibətləri tarixində çox mühüm rol oynayan bu Azərbaycan imperiyası ümumdünya tarixində dərin iz qoymuşdur. Azərbaycan xalqı Səfəvi dövlətinin yalnız idarəçiliyində və hərbi qüvvələrində deyil, ictimai-iqtisadi və mədəni həyatında da böyük rol oynamışdır. Təsadüfi deyil ki, Səfəvi tarixçilərinin ən görkəmlisi hesab olunan İskəndər bəy Münşi də məhz Azərbaycan türküdür. Görünür elə bu səbəbdəndir ki, müəllif öz doğma tarixinə, Azərbaycan Səfəvilər sülaləsinin ən qüdrətli nümayəndəsi böyük hökmdar Şah Abbasa olduqca mükəmməl bir əsər həsr etmişdir.

Təqdimat mərasimində çıxış edən akademik Vasim Məmmədəliyev, Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və başqaları kitabın doğma dilimizdə çap olunmasının əhəmiyyətindən danışdılar, əsərin Azərbaycan tarixşünaslığı və elmi ictimaiyyətimiz üçün mühüm töhfə olduğunu bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: