Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib
10.02.2015 00:00
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 91 illiyinə həsr olunmuş “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

AMEA və NMR Ali Məclisinin Sədri yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev NMR-in yaranma tarixi ilə bağlı ətraflı məlumat verib, Azərbaycanın qədim bölgəsi Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli yol qət etdiyini bildirib. Akademik Naxçıvanın muxtariyyət qazanmasında naxçıvanlıların əməyini yüksək qiymətləndirib. Bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri var.

İ.Hacıyev qeyd edib ki, Naxçıvanın muxtariyyət statusunun ümummilli lider Heydər Əliyev tərəfindən qorunması və möhkəmləndirilməsi onun siyasi hakimiyyətinin ikinci dövrünə təsadüf edir. 1990-cı ilin iyulunda Naxçıvana qayıdan ümummilli liderin buradakı bütün siyasi fəaliyyəti muxtar respublikanın ərazi bütövlüyünü qorumaqla yanaşı, onu iqtisadi blokada məngənəsində boğulmaqdan xilas etdi.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Zərurətdən yaranan muxtariyyət”, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Naxçıvanın muxtariyyət statusu və onun tarixi əhəmiyyəti”, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsi”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “Muxtariyyətin Naxçıvan modeli” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: