www.science.az
12.02.2015 00:00

“Erməni psixologiyası” kitabının təqdimatı keçirilib

Fevralın 11-də AMEA İnsan Hüquqları İnstitutunda bu elm müəssisəsinin yeni nəşri olan “Erməni psixologiyası” kitabının təqdimatı keçirilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədova erməni psixologiyasının əsil mahiyyətini üzə çıxaran kitabın məziyyətlərindən, aktual mövzuya həsr olunmasından söz açıb.

Bildirilib ki, altı bölmədən ibarət kitabın müəllifi institutun əməkdaşı, tanınmış jurnalist Eldəniz Elgün, “Ön söz”ün müəllifi institutun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayevadır.

“Erməni psixologiyası” kitabında oxucuları düşündürən yüzlərlə suala cavab tapmaq mümkündür. Bu kitab erməni toplumunu daha yaxından tanımaq üçün mükəmməl bir nümunədir. “Toplu psixologiyası”, “Ermənilərin dini inancı”, “Erməni toplumunun mədəniyyəti”, “Dünya erməniləri”, “Erməni qadınlarının psixologiyası”, “Erməni kişilərinin psixologiyası” bölmələrindən ibarət olan kitab erməni psixologiyasını daha dərindən öyrənməklə, zaman-zaman Ermənistanın yürütdüyü işğalçılıq siyasətini, tarixin saxtalaşdırılması ilə bağlı həqiqətləri ortaya qoyur.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademiyada yaradılmış “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” Komissiyasının fəaliyyətindən, soyqırımı tədqiqatları ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki, ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı törədilmiş soyqırımları sistemli şəkildə araşdırılır. Bu məqsədlə Komissiyanın işçi qruplarında təmsil olunan alimlərin qarşısında konkret vəzifələr qoyulub.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, institutun Konfliktologiya şöbəsinin müdiri Rövşən Vəlizadə, bu elm müəssisəsinin əməkdaşları Esmira Orucova, Rizvan Hüseynov və başqaları çıxış edərək ermənilərin psixologiyası, onların aqressivliyi, tarixi həqiqətlərin saxtalaşdırılmasında xüsusi səriştələri və digər məsələlərdən danışıblar. Kitabın xarici dillərə tərcümə edilərək dünyada yayılmasının vacibliyi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.