Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2015 00:00
  • A-
  • A
  • A+

“Ziya” qəzetinin transliterasiyalı nəşrinin təqdimat mərasimi keçirildi

“Ziya” qəzetinin transliterasiyalı nəşrinin təqdimat mərasimi keçirildi

Fevralın 19-da AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən “Azərbaycan mətbuatının xronologiyası - Ziya” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan “Ziya” qəzetinin transliterasiyalı nəşrini mühüm hadisə kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycan milli mətbuat tarixində ilk və əsaslı təcrübə məktəbi hesab olunan “Əkinçi” qəzetindən sonra, xalqımızın dövri informasiya ehtiyaclarını ödəyən “Ziya” (1879-1880, Tiflis) qəzeti zamanın mühüm gerçəklərini əks etdirməyi qarşısına bir məqsəd kimi qoymuş və bunun öhdəsindən də gəlmişdi. Klassik mətbuatımızın nüfuzlu simalarından olan qəzet Səid Ünsizadənin baş redaktoruluğu ilə nəşr edilmişdir.

Akademik İsa Həbibbəyli qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən ədəbi nəşrlərimizin kiril əlifbasından latın qrafikasına çevrilməsi sahəsində mühüm addımlar atılmaqdadır. Bu baxımdan ərəb əlifbası ilə nəşr olunmuş qəzet və jurnallarımızın da latın qrafikasına çevrilməsi təqdirəlayiqdir.

Tezliklə toplularımızın sırasını “Ziya”nın davamçısı “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” və digər topluların bəzəyəcəyini söyləyən akademik İsa Həbibbəyli nəşrin ziyasevərlər, tədqiqatçılar, bütövlükdə xalqımız və cəmiyyətimiz üçün qiymətli ərmağan olduğunu vurğuladı. Qeyd etdi ki, kitabın məsləhətçisi və redaktoru Əməkdar jurnalist, Azərbaycan Mətbuat şurasının sədri Əflatun Amaşovdur.

İsa Həbibbəyli yaxın günlərdə institut tərəfindən çap olunmuş Molla Nəsrəddin jurnalının elektron versiyası ilə birlikdə təqdimatının keçiriləcəyini də nəzərə çatdırdı.

Sonra institutun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Müştəba Əliyev “Əkinçi”nin məbədi - Ziya” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirdə Mətbuat tarixi və publisitika şöbəsinin müdiri, professor Asif Rüstəmli, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Zaman Əsgərli, filologiya üzrə fəlsəfə doktoru Ayaz Vəfalı və başqaları “Ziya” qəzetinin transliterasiyalı nəşri ilə bağlı çıxış etdilər. Klassik mətbu irsimizə aid nümunələrin yeni əlifba ilə nəşrini yüksək qiymətləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: