Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.02.2015 00:00
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutu və Dilçilik İnstitutunun Beynəlxalq Ana Dili Günunə həsr olunmuş birgə seminarı keçirildi

İnformasiya Texnologiyaları İnstitutu və Dilçilik İnstitutunun Beynəlxalq Ana Dili Günunə həsr olunmuş birgə seminarı keçirildi

Fevralın 25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) bu elmi-tədqiqat müəssisəsi və AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq Ana Dili Günunə həsr olunmuş birgə seminarı keçirildi.

Öncə qonaqlar institutda yaradılmış innovativ şəraitlə yaxından tanış oldular, onlara institutun maddi-texniki bazası haqqında ətraflı məlumat verildi.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq seminarın keçirilməsinin əhəmiyyətini vurğuladı. Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən alim onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söylədi. Dilimizin orijinallığının qorunub-saxlanması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dilçilik sahəsində siyasətin əsas prinsipi olduğunu söyləyən alim, milli ideoloji prinsiplərin qorunmasının zəruriliyindən danışdı. Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlər haqqında məlumat verərək dilimizin tətbiqi işinin təkmilləşdirilməsi və s. ilə əlaqədar qəbul olunan sərəncamlardan irəli gələn vəzifələrin həlli istiqamətində görülən işlərin vacibliyini nəzərə çatdırdı. Qeyd etdi ki, AR Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar qarşısında bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən bir çoxunun İKT ilə bağlı olduğunu söyləyən R.Əliquliyev Azərbaycan dilinin inkişafı üçün ölkəmizdə digər təşkilatlarla yanaşı, İTİ tərəfindən də müəyyən işlər aparıldığını önə çəkdi.

Ölkəmizin qlobal informasiya məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, virtual məkanda Azərbaycan elmi, mədəniyyəti, tarixi və dilinin təbliği üçün azərbaycandilli İnternet resursların sayının və keyfiyyətinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

İstənilən dövlətin milli sərvəti olan dilin maddi, mənəvi irsin qorunması, inkişafı və təbliğində ən mühüm vasitələrdən biri olduğunu qeyd edən Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev YUNESKO tərəfindən 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi təsdiq edilməsinin bütün dünyada ana dilinə diqqətin artırılmasına səbəb olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, Beynəlxalq Ana Dili Günü 2000-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində qeyd edilir: “Bu əlamətdar günün keçirilməsi xalqların dil və mədəniyyətinin qorunması məqsədini daşıyır. Sevindirici haldır ki, dünya azərbaycanlıları da yaşadıqları ölkələrdə bu əlamətdar günlə bağlı silsilə tədbirlər keçirirlər”.

Sonra Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamilə Vəliyeva “Kompüter dilçiliyinin aktual məsələləri” mövzusunda məruzə ilə çıxış edərək kompüter dilçiliyinin yaranma tarixi, formalaşma mərhələləri və əsas problemlərindən söz açdı. Qeyd etdi ki, XX əsrin 60-cı illərində yaranmış kompüter dilçiliyi insanın intellektual fəaliyyətində təbii dillərin riyazi modelini hazırlayan bir elm sahəsidir. Onun tədqiqat obyekti maşın tərcüməsi, nitqin tanınması və bir sıra digər praktiki məsələlərin həllinə istiqamətlənmişdir.

“Dialektlərin avtomatik tanınması” adlı məruzəni təqdim edən Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov nitqin tanınması üçün küyə davamlı, az səhvlərlə müşahidə olunan etibarlı bir sistemin yaradılmasının müasir elmin qarşısında duran əsas məsələlərdən olduğunu dilə gətirdi. Onun sözlərinə görə, nitqin tanınması sistemləri kompüter, avtomobil, robotlar və digər qurğuların nitq vasitəsilə idarə olunmasını təmin edəcək.

“Son zamanlar nitqin tanınma sistemlərinin yaradılması hüquq-mühafizə orqanlarının qarşısında da bir vəzifə kimi durur”, - deyə bildirən məruzəçi bu sistemlərin tətbiq sahələrindən danışdı.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova terminoloji informatikanın formalaşma vəziyyəti və inkişaf istiqamətlərindən danışaraq terminologiya sahəsində xarici təcrübə, terminologiya üzrə beynəlxalq standartlar, terminologiya fəaliyyətinə yeni yanaşmanı zəruri edən amillər, terminoloji informatikanın formalaşma mərhələləri və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verdi.

Cəmiyyətin inkişaf səviyyəsinin siyasət, iqtisadiyyat, mədəniyyət və professional fəaliyyətin bütün növlərinin əsas komponentlərini özündə əks etdirən milli terminologiyanın vəziyyəti ilə müəyyən olunduğunu önə çəkən məruzəçi terminoloji informatika sahəsində aparılan elmi-nəzəri araşdırmaların təhlilinin terminoloji biliklər bazasının üstünlükləri və perspektivlərini müəyyən etdiyini vurğuladı.

O, həmçinin terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzi (İnfoterm) və Beynəlxalq Terminologiya Şəbəkəsinin (TermNet) fəaliyyəti, onlar tərəfindən yerinə yetirilən layihələri diqqətə çatdırdı və Azərbaycanda terminologiya üzrə beynəlxalq standartlara uyğun milli standartların işlənilməsinin vacibliyini qeyd etdi.

Ə.Qurbanova bu sahədə institutda aparılan tədqiqatların nəticələrini seminar iştirakçılarının diqqətinə çatdırdı.

“Onomastik informatika: reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərov ötən əsrin 40-cı illərindən geniş tədqiqat predmetinə çevrilmiş onomastikanın son dövrlərədək əsasən tarix, dilçilik və coğrafiya elmlərinin vəhdətində nəzərdən keçirildiyini bildirdi. “İKT-nin sürətli inkişafı ilə əlaqədar onomastikanın tədqiqat sahələrinə informatika elmi də əlavə edilməlidir”, - deyə bildirən Y.Cəfərov elm sahəsinin virtual məkanda istifadə edilən bütün xüsusi adların məcmusunu təşkil etdiyini dilə gətirdi. Məruzəçi buraya rəqəmli məlumat bazalarında toplanan, elektron xəritələr, naviqasiya vasitələri və İnternet-axtarış sistemlərində istifadə edilən, eləcə də virtual kommunikasiyalarda müəyyən funksionallığa malik bütün onomastik vahidlərin daxil olduğunu qeyd etdi.

Onomastik informatikanın obyekti və predmeti, məqsəd və vəzifələri, indiyədək xarici ölkələrin elmi mərkəzlərində bu sahədə görülmüş işlərlə yanaşı, funksionallıq baxımından onomastik informatikanın nüvəsini təşkil edən onomastik vahidlər - virtual antroponimlər və domen adlarından da bəhs etdi. Y.Cəfərov həmçinin domen adları, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə geniş məlumat verdi.

İnstitutun dissertantı Səbinə Məmmədzadə “Transliterasiya: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış etdi. Transliterasiyanın yaranma tarixi, müxtəlif dillərdə olan kitabların transliterasiyası, toponimlərin, xarici adlar və xarici pasportlarda adların və soyadların düzgün yazılışı, İnternetdə axtarışın relevantlığı, milli indentikliyin qorunması və informasiya mübadiləsinin sadələşdirilməsi problemlərindən danışdı.

Virtual məkanda transliterasiyanın əhəmiyyəti məsələsinə toxunan məruzəçi bu sahədə mövcud xarici təcrübədən bəhs edərək müxtəlif dövlətlər tərəfindən qəbul olunmuş transliterasiya standartları - konvertasiya cədvəllərini təqdim etdi.

Nitq texnologiyalarının müasir vəziyyətindən danışan İTİ-nin dissertantı Lyudmila Suxostat bildirdi ki, nitq semantik, linqvistik, artikulyasiya və akustik səviyyələrdə baş verən bir sıra dəyişikliklər nəticəsində yaranan mürəkkəb siqnaldır. İnsanların səslərindəki fərqlər onların səs traktında və danışıq tərzlərində olan anatomik fərqlərin nəticəsində yaranır ki, bundan da müxtəlif nitq texnologiyalarında istifadə etmək olar.

Məruzəçinin sözlərinə görə, əsas nitq texnologiyalarına maşın tərcüməsi, nitqin və emosiyaların tanınması, nitqin sintezi və səsə görə şəxsin tanınması aid edilir.

Nitq texnologiyalarının elektron tibb, fonoskopik ekspertiza, distant təhsil, səslə idarəetmə və digər sahələrdə tətbiq olunduğunu qeyd edən L.Suxostat nitqin analizi və emalı üçün istifadə edilən proqram təminatı məhsullarını da nəzərə çatdırdı. Nitq texnologiyalarının perspektivli istiqamətlərinin Azərbaycan dilinin analizi üçün geniş tətbiq olunmasının vacibliyini vurğuladı.

Sonda məruzələr ətrafında müzakirələr aparıldı. Müzakirələrdə İTİ-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva, institutun doktorantı Səringül Ziyadova və digərləri iştirak edərək təklif və tövsiyələrini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: