Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qorqudşünaslıq elminin genişlənən imkanları
06.03.2015 00:00
  • A-
  • A
  • A+

Qorqudşünaslıq elminin genişlənən imkanları

“Kitabi-Dədə Qorqud” dastanlarının ayrı-ayrı boyları bizim eranın VII əsrinə qədər formalaşmışdır. Bununla belə, “Dədə Qorqud” boyları içərisində qədim mifologiya ilə bağlı olan süjetlər və obrazlar da vardır. Dastandakı məşhur Təpəgöz boyu bizim eradan əvvəlki mifoloji düşüncə və mifik obrazlarla səsləşir. Eposu elm aləminə ilk dəfə bəlli edən alman şərqşünası Fridrix Fon Dits də “Basatın Təpəgözü öldürdüyü boy”un antik yunan ədəbiyyatındakı Homerin məşhur “Odisseya” əsərindəki Polifem - Təpəgöz obrazından qədimlərə aid olduğunu və hətta həmin əsərə təsir etdiyini göstərmişdir.

Əvvəla, “Dədə Qorqud” dastanlarının hələ XIX əsrdə Qərbdə dünya üzrə möhkəm bir möhürü olan antik yunan mifologiyası ilə müqayisə edilməsi, bərabər tutulması özlüyündə qədimlik baxımından da, möhtəşəmlik mənasında da mühüm hadisədir. İkincisi isə “Dədə Qorqud” kitabının “Basatın Təpəgözü öldürməsi” boyundakı yer adlarının Azərbaycan ərazisində bu günə qədər yaşaması dastanla yanaşı, onu yaradan xalqın da tarixi keçmişinin qədim izlərini müəyyən etməyə imkan verir. Artıq qorqudşünaslığa məlumdur ki, “Basatın Təpəgözü öldürdüyü boy”dakı toponimlər hazırda da Naxçıvan Muxtar Respublikası ərazisində yaşamaqdadır. Bizə görə Şərur rayonu ərazisindəki tarixi eramızdan min illərlə əvvəllərə aid olan məşhur daş dövrü abidəsi Qazma mağarası Dədə Qorqud Təpəgözünün məskənidir.

“Təpəgöz boyu”nda adı çəkilən Salaxana mağarası ilə Qazma mağarası arasında böyük oxşarlıq var. AMEA-nın müxbir üzvü Səfərəli Babayevin vaxtilə müəyyən etdiyi, indiki Babək rayonu ilə Şərur rayonunun qovuşduğu ərazidə olan Salaxana mağarası Qazma mağarası ilə coğrafi cəhətdən bir-birinə çox yaxındır. Həm də dastanda Təpəgözün iki mağaradan, böyük və kiçik mağaralardan istifadə etdiyi göstərilir. Fikrimizcə, eyni coğrafi ərazidə yerləşən bu mağaralar adamyeyən Təpəgözün sallaqxanasıdır. “Kitabi-Dədə Qorqud”un həmin boyundakı Basatın oturduğu, yəni yaşadığı yurd kimi təsvir edilən Günortac yer adının da Salaxana - Qazma mağaraları ərazisinə yaxın olması bu ehtimalı daha da dərinləşdirir. Çox ehtimal ki, Salaxana qayası bütövlükdə Təpəgözün oğuzların arasından qovularkən gəlib yerləşdiyi “uca dağ məskəni” olan ərazinin ümumi adıdır. Səfərəli Babayev də Babək rayonunun dağlıq sahəsində Salaxan qayası, Salaxan yurdu və Salaxan mağarasının olduğunu yazır. Salaxana mağarası isə Salaxana qayası ərazisində yerləşən bir mağaradır. Təpəgözün Basatla vuruşduğu Salaxana mağarası quruluşuna görə Qazma mağarasına bənzəyir. O biri mağara isə Təpəgözün silah-sursat, ərzaq anbarı təəssüratı yaradır. Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, “Odisseya”da təsvir olunduğu kimi, Qazma mağarasının da girişi çox dardır və buradan kiminsə ayaqları arasından asanlıqla keçmək çox çətin məsələdir.

Dastanda Təpəgözün Basatı ələ keçirmək istədiyi anlara həsr olunan təsvirlər Qazma mağarasının quruluşuna uyğun gəlir: “Təpəgöz bildi ki, Basat mağaradadır. Mağaranın qarşısında durub bir ayağını qapının bir yanına, birini digər yanına qoydu. Dedi: “Ay qoyunların başçıları ərkəclər, bir-bir gəlin keçin!” Bir-bir gəlib keçdilər. Hər birinin başını sığalladı. Basat bir anda qoçu basıb kəsdi, dərisini çıxardı, quyruğu ilə başını isə dəridən ayırmadı, dərinin içinə girdi. Basat Təpəgözün önünə gəldi. Təpəgöz bildi ki, Basat dəri içindədir. Dedi: “Ay qara qoç, ...elə vurram səni mağara divarına ki, quyruğun mağaranı yağlasın!” Basat qoçun başını Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan bərk tutdu. Buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları altından sıçrayıb çıxdı”.

Alman şərqşünası Fridrix Ditsin qənaətinə görə, “Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, o, bəlkə əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir. Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”. Deməli, Fridrix Fon Ditsin tezislərinin işığında Homerin Asiya səfərinin marşrutunu öyrənmək və oğuz-yunan münasibətlərini aydınlaşdırmaqla Təpəgözün mənşəyini dəqiq müəyyən etmək mümkündür. Bu mənada Salaxana - Qazma mağaraları oğuz məskənləri kimi dünyada geniş yayılmış məşhur Təpəgöz süjetinə şahidlik edə bilər. “Dədə Qorqud” dastanlarındakı Buğa çeşmə, Günortac, Qaranquş yaylağı və başqa yer adlarının da həmin ərazilərdə indiyədək xalq yaddaşında varlığını qoruyub saxlaması məlum süjetin bu eposla daha çox bağlı olduğunu düşünməyə əsas verir.

Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib də vaxtilə tədqiqatlarında “Dədə Qorqud” Təpəgözünün “Odisseya”dakı Polifemdən fərqli və üstün olduğu qənaətinə gəlmişdir. M.H.Təhmasibə görə, Odisseylə Polifem arasında heç bir qohumluq olmadığı halda Basatla Təpəgöz eyni ailədə böyümüşlər: “Polifemə nisbətən Təpəgöz daha rəzil, daha eybəcərdir... Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmişdir”. Odissey Polifemlə təsadüfən üz-üzə gəldiyi üçün sadəcə olaraq özünü xilas etmək naminə mübarizə aparmışdır. Basat isə “Qalın Oğuz eli”ni bəladan qurtarmağa görə məqsədli şəkildə Təpəgözlə vuruşa getmiş “Dədə Qorqud” qəhrəmanıdır. Bundan başqa, “Odisseya”da Polifemin yalnız gözləri çıxarılır və nəticədə insanlar keçi dərisi geyib mağaradan qaçaraq xilas olurlarsa, Basat qoyun dərisi geyinərək mağaradan çıxandan sonra da mübarizəsini davam etdirir və Təpəgözü öldürənədək vuruşur. M.H.Təhmasibin qənaətinə görə, Odissey Basat olmadığı kimi, Polifem də Təpəgöz deyildir. Buna görə də “Dədə Qorqud”dakı “Təpəgöz boyu” daha mükəmməldir. Professor Əli Sultanlı da “Dədə Qorqud” dastanlarındakı Təpəgöz-Polifem müqayisəsində üstünlüyü Təpəgözə vermişdir.

Fikrimizcə, “Dədə Oorqud” boylarındakı Dəli Domrul süjeti də mifoloji motiv olub, dastanın erkən yaranmış boylarından biridir. Dəli Domruldakı dirilik uğrunda mübarizə motivi qədim türklərin yeni tarixə qədərki mifoloji düşüncəsinin dastandakı əks-sədasıdır. Eyni zamanda, “Dirsə xan oğlu Buğac” boyunda tanrıçılığın izləri yaşayır. “Dədə Qorqud” dastanlarındakı savaşların da izlərini bizim eranın əvvəlki dövrlərində baş vermiş hadisələrlə əlaqələndirmək mümkündür. “Dədə Qorqud” dastanlarında İç Oğuz və Daş Oğuz anlayışlarının mövcud olması oğuzların artıq bəlli bir coğrafiyada məskunlaşdıqlarını, oturaq həyat sürdüklərini göstərir. Fikrimizcə, oğuzların gedib-gəlməsi köçəri həyatdan çox qarşılıqlı əlaqələrin, bir çox məqamlarda isə birliyə cəhdin təzahürləridir. Oğuzların oturaq həyat sisteminin formalaşması əsasən bizim eranın III-V yüzilliklərində başa çatdığı üçün “Dədə Qorqud” boylarının da həmin dövrlərdən etibarən daha sürətlə yaradılmaqda olduğunu düşünmək mümkündür. Şifahi şəkildə uzun əsrlər ərzində formalaşsa da, “Kitabi-Dədə Qorqud” boyları artıq VII əsrdə tam bitkin bir dastana çevrilmişdir. “Kitabi-Dədə Qorqud” kimi mükəmməl bir dastanın yaranması onu yaradan xalqın qədim dövrlərdəki epos təfəkkürünün dərinlik və genişliyinin çox mühüm göstəricisidir. Bu mənada yalnız at çapıb qılınc çalan, sapand atan Dədə Qorqud qəhrəmanları deyil, belə möhtəşəm dastan yarada bilmiş xalqın özü də qüdrətlidir. Torpağı müqəddəs sayan Dədə Qorqud igidləri oğuz elinin basılmazlığını təmin edən qəhrəmanlardırsa, “Dədə Qorqud” boyda böyük epos təfəkkürünə malik olmaq bu möhtəşəm dastanı yaratmış xalqın mənəvi zənginliyinin, geniş dünyagörüşünün, dərin milli təfəkkürünün, yüksək səviyyədə müdrikliyinin real miqyasını əks etdirir.

Dünya dastanları arasında cəngavər - bahadır dastan qəhrəmanları çox olsa da, Dədə Qorqud səviyyəsində müdrik dastan başçısı yoxdur. Dədə Qorqud dünya xalqlarının dastanlarındakı at çapan, yürüşlərə çıxan, qılınc çalan qəhrəman tipini “boy boylayan, söz söyləyən”, qopuz çalan, öyüd verən müdrik qəhrəmanla əvəz etməklə fərqli ad qazanan böyük el ağsaqqalıdır. Qərb dastanlarının bir çoxunun qəhrəmanları mənsub olduqları xalqı pərakəndə olmaqdan qurtarmağa çalışmaq, həyata, insani münasibətlərə, cəmiyyətə alışdırmaq uğrunda mübarizə aparırlar. Dədə Qorqud isə ucu-bucağı bəlli olan geniş ərazilərində torpaqları əkilən, sürüləri arana-yaylağa köç edən, xalqı ova çıxan, mərasimlər keçirən bir elin birliyinin daha da möhkəmləndirilməsini ümummilli ideal olaraq yaşatmağı varlığının əsas meyarı hesab edir. “Dədə Qorqud” möhkəm milli köklərə və qüvvətli mənəvi dəyərlərə malik olan Azərbaycan oğuzları kimi formalaşmış bir xalqın oturuşmuş həyat tərzinin və qəhrəmanlıq ruhunun dastanıdır. Xalq olaraq azərbaycanlıların yüksək milli-mənəvi dəyərləri “Dədə Qorqud” dastanlarında öz əksini tapmışdır. “Dədə Qorqud” ümumtürk əhəmiyyətinə malik olan möhtəşəm Azərbaycan qəhrəmanlıq dastanıdır... 

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"Azərbaycan" qəzeti, 6 mart 2015-ci

  • Paylaş: