Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan alimi Moskvada Xəzər suitilərinin mühafizəsinə dair keçirilmiş beynəlxalq konfransda iştirak edib
19.03.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi Moskvada Xəzər suitilərinin mühafizəsinə dair keçirilmiş beynəlxalq konfransda iştirak edib

Moskvada nəsli kəsilmək üzrə olan Xəzər suitilərinin mühafizəsinə dair beynəlxalq konfrans keçirilib. “Xəzər suitisi: müasir durumu, qorunması və istifadəsi problemləri” adlı üçgünlük tədbirdə sözügedən canlıların tükənməsinə səbəb olan ekoloji amillər və onların aradan qaldırılması yolları barədə məruzələr dinlənilib. Rusiya Elmlər Akademiyası (REA) A.N.Seversov adına Ekologiya və Təkamül Problemləri İnstitutunda təşkil olunmuş konfransda İngiltərə, Niderland, İtaliya və 5 Xəzəryanı ölkədən 44 alim və mütəxəssis iştirak edib.

Tədbirdə AMEA Geologiya və Geofizika İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov“Xəzər dənizinin Azərbaycan akvatoriyasında suitilərin müasir durumu və qorunması perspektivləri”, həmçinin “Abşeron yarımadasının şimalında Xəzər suitilərinin cəsədlərinin sahilə toplanma dinamikasının 44 il ərzində aparılmış monitorinqi” adlı məruzələrlə çıxış edib. T.Eybatov Qazaxıstandan gələn və Abşeron sahillərində toplanan ölü suitilərin üzərində apardığı tədqiqatların nəticələrini açıqlayıb. Bildirib ki, Xəzərin yeganə məməlisi olan və 2008-ci ildə “Qırmızı kitab”a salınmış suiti həm də dənizdə yem piramidasının başında dayanır. Bu heyvanların hazırkı acınacaqlı durumu planetin ən böyük gölündə fauna və floranın ürəkaçan vəziyyətdə olmadığını göstərir.

Konfransda müxtəlif ölkələrdə aparılmış tədqiqatların nəticələri təhlil olunub, Xəzər suitilərinin xilası istiqamətində elmi potensialların cəmləşdirilməsi niyyəti ilə razılaşma memorandumu imzalanıb.

T.Eybatov REA-nın Geoloji İnstitutunun (Gİ) direktoru, akademik Mixail Fedonkin və direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Vasiliy Lavruşin ilə də görüşüb. Görüşdə əməkdaşlıq çərçivəsində elmi-tədqiqatların istiqamətləri müzakirə olunub. Həmçinin Gİ-nin “Dördüncü dövr stratiqrafiya” laboratoriyasının rəhbəri Aleksey Tesakovla AMEA Təbiət Tarixi Muzeyinin işçilərinin “Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı”nda birgə tədqiqatlar aparmaq imkanları araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: