Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.05.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın Elm Tarixi İnstitutunda rusiyalı alimlərlə görüş keçirildi

AMEA-nın Elm Tarixi İnstitutunda rusiyalı alimlərlə görüş keçirildi

AMEA-nın Elm Tarixi İnstitutunda Rusiya Elmlər Akademiyası (REA) Arxivinin elmi katibi, tarix elmləri namizədi Nadejda Osipova və Rusiya Elmlər Akademiyası Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunun  direktoru, REA-nın müxbir üzvü Yuri Baturin ilə görüş keçirildi.

Öncə institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli akademiyanın yaranma tarixindən danışdı. AMEA-nın 70 illik tarixə malik olduğunu bildirən institut direktoru bu elm ocağında müxtəlif istiqamətlərdə aparılan elmi araşdırmalar haqqında qonaqlara məlumat verdi.

Elm Tarixi İnstitutunun Azərbaycan elminin dünyanın prioritet elmi-texniki istiqamətlərinə uyğun təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan M.Seyidbəyli institut qarşısında duran əsas hədəflərin elm və texnikanın tarixi, elmşünaslıq, elm tarixinin mənbəşünaslığı, onun təşəkkülü, inkişafı və müasir vəziyyətinin öyrənilməsi olduğunu bildirdi. Həmçinin, institutun əsas fəaliyyət istiqamətlərindən, burada həyata keçirilən layihələrdən, aparılan elmi-tədqiqat işlərindən söz açdı.

Sonra Nadejda Osipova REA-nın arxivində qorunub saxlanılan elmi sənədlər barədə məlmat verərək, burada Azərbaycan elmi və AMEA-ya dair arxiv sənədlərinin də mövcud olduğunu bildirdi.

Yuri Baturin son zamanlar REA-nın maddi-texniki bazasının daha da zənginləşdirildiyini, sənədlərin müasir texnologiyalardan istifadə olunaraq, 3-D çapı vasitəsilə arxivləşdirildiyini diqqətə çatdırdı.

Daha sonra tarix üzrə elmlər doktoru Fərid Ələkbərli öz elmi işləri və "Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar" adlı monoqrafiyası barədə məlumat verdi.  AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Tamilla Kərimova isə 2005-ci ildə AMEA-nın 60 illiyi münasibətilə çap olunmuş, müəllifi olduğu " Azərbaycan MEA-nın tarixindən" (rusca) adlı monoqrafiyası haqqında danışdı. Bildirdi ki, çoxsaylı arxiv materialları əsasında hazırlanmış bu nəşr Azərbaycan elminin formalaşmasından 1945-ci ildə AMEA-nın yaranma tarixinə qədər olan dövrü əhatə edən ilk tədqiqat əsəridir.

Görüşdə, həmçinin AMEA və REA arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıldı, kadr və təcrübə mübadiləsi müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: