Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA-nın  II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində seminar-məşğələ keçirilib.

Tədbiri giriş sözü ilə açan II Xüsusi şöbənin rəisi Eldar Quliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin ölkə üçün vacib olan məsələlərlə mütəmadi məlumatlandırıldığını və sərəncamlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görüldüyünü bildirib.

Sonra Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənovun "Qlobal iqlim dəyişmələri və onların Azərbaycanda təzahürü" mövzusunda məruzəsi dinlənilib. Dünyada baş verən kəskin iqlim dəyişiklikləri və onun törədə biləcəyi fəsadlara qarşı müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayan məruzəçi bu proseslərin ölkəmizə təsirindən danışıb. Bildirib ki, atmosfer yağıntılarının miqdarı çoxillik göstəriciyə nisbətən artıb. O, yağıntıların artmasının daşqın və torpaq sürüşmələrinə səbəb olduğunu, onun da öz növbəsində insan tələfatına gətirib çıxardığını qeyd edib. M.Həsənov MM işçilərinin fövqəladə hallar zamanı davranış qaydaları haqqında məlumat verərək, mülki müdafiə sahəsində biliklərinin artırılması, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinin zəruriliyini bildirib. O, bu istiqamətdə maarifləndirici seminar-məşğələlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edilib ki, son zamanlar yer kürəsinin temperaturunun yüksəlməsi və bununla da buzlaqların əriməsi Yer kürəsinin su altında qalması ilə nəticələnə bilər. Lakin bir çox dünya alimləri hazırkı dövrü buzlaqlararası dövr adlandırır və qlobal istiləşməni yer kürəsi üçün təhlükə hesab etmir. Həmçinin quraqlıq illərində ölkənin məhsuldarlıq qabiliyyətinin aşağı düşməsi və bu istiqamətdə görüləcək qabaqlayıcı tədbirlərdən danışan M.Həsənov vəziyyətdən çıxış yolu kimi kiçik su anbarları yaratmağı məqsədəuyğun hesab edib.

Məruzəçi 21300 hektar sahəsi olan Bakının amfiteatr formasında olması və hündürmərtəbəli binaların tikintisinin genişləndirilməsi yağıntıların qeyri-bərabər paylanmasına və paytaxtda fərqli hava şəraitinin hökm sürməsinə səbəb olduğunu bildirib. Tikintilərin elmi əsaslandırılmasının vacibliyini və bir sıra təhlükəsizlik tədbirlərini nəzərə almaqla qəza riskini minimuma endirməyin mümkün olduğunu qeyd edib.

 

Tədbirin 2-ci hissəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında olan fərdi mühafizə vasitələrinin-QP-5 əleyhqazlarının paylanması haqqında AMEA prezidentinin 17 mart 2015-ci il tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Sonda suallar cavablandırılıb, bir sıra fikirlər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: