www.science.az
12.05.2015 13:01

Elmin İnkişafı Fondu “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin nəticələri ilə bağlı təqdimat mərasimi keçirəcək

Mayın 14-də saat 11:00-da “Hilton-Baku” hotelinin “Yaqut” zalında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2014-cü ildə elan edərək keçirdiyi “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimat mərasimi keçiriləcək.

“Universitet qrantı” məqsədli müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilib. Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.

“Sənaye qrantı” məqsədli müsabiqəsi isə “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi” bölməsinin “Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi” maddəsinə uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyələşdirilməsi məqsədi ilə keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir