Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
12.05.2015 13:14
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

AMEA Fiziologiya İnstitutu herontologiya sahəsində beynəlxalq elmi əlaqələrini genişləndirməkdədir. Bu elmi müəssisənin direktoru, b.ü.e.d. Ulduz Həşimovanın dəvəti ilə ölkəmizə səfər edən Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidenti, Rusiya TEA-nın Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutunun direktoru, RTEA-nın müxbir üzvü, professor V.X.Xavinson və Rusiya Antiqocalma Təbabəti Cəmiyyətinin prezidenti, tibb elmləri doktoru, professor S.V.Trofimova ilə görüş keçirilib.

Mayın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş görüşdə U.Həşimova Azərbaycanda herontoloji tədqiqatların müasir vəziyyəti və inkişaf perspektivləri haqqında qonaqlara məlumat verib.

Daha sonra professor V.Xavinsonun “İnsanın həyat fəaliyyəti resurslarının genişləndirilməsi perspektivləri” və prof. S.Trofimovanın  “Vaxtından əvvəl qocalmanın müasir diaqnostikası və antiqocalma texnologiyaları” mövzusunda məruzələri dinlənilib. Qonaqlar uzunömürlülük probleminin respublikamız üçün böyük əhəmiyyət kəsb etdiyini və müvafiq tədqiqatlar üçün Azərbaycanda unikal baza olduğunu qeyd ediblər.  

Görüşdə Azərbaycan Herontologiya Cəmiyyətinin yaradılması və onun Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasına qəbul edilməsi məsələləri də müzakirə edilib.  Eyni zamanda, AMEA-nın Fiziologiya İnstitutu, Rusiya EA-nın Herontoloji Cəmiyyəti, İ.P.Pavlov adına Fiziologiya İnstitutu, Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İnstitutu arasında “Qocalmanın fiziologiyası” sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: