Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

10.12.2013 00:00
  • A-
  • A
  • A+

AMEA-nın ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında AMEA, Səhiyyə və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə elm məbədgahının ilk prezidenti, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Öncə mərasim iştirakçıları Fəxri Xiyabanda akademikin məzarını ziyarət ediblər, xatirəsini ehtiramla anıblar.

Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil olunmuş görkəmli akademikin həyat və fəaliyyətini əks etdirən sərgidə nümayiş olunan yeni “Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı” maraqla qarşılanıb.

Yubiley tədbirində giriş nitqi ilə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, 1945-ci ildə ölkədə elmi proseslərin mütəşəkkil təşkili, tarix, mədəniyyət və təbiət elmlərinin sistemli öyrənilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyası (AEA) təsis edilmişdir. Əməkdar elm xadimi, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, görkəmli ictimai xadim, akademik Mirəsədulla Mirqasımov XX əsrin 1-ci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynamışdır. Azərbaycan elmi tarixində mühüm hadisə olan akademiyanın ilk yığıncağında tibb sahəsində zəngin elmi təcrübəsi və elmi-təşkilati fəaliyyəti ilə fərqlənən akademik Mirəsədulla Mirqasımov AEA-nın ilk prezidenti seçilmişdir.

AMEA rəhbəri qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 6 fevral 2013-cü il tarixli Sərəncamına müvafiq olaraq keçirilən yubiley tədbiri çərçivəsində akademikin vaxtilə yaşadığı binadakı xatirə lövhəsi yenilənmiş, alimin həyat və fəaliyyəti haqqında kinofilmin çəkilməsi ilə bağlı Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.

Çıxışının sonunda akademik Akif Əlizadə böyük tarixi inkişaf yolu keçmiş AMEA-nın 70 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlərdən söhbət açıb.

AR Səhiyyə naziri, tibb elmləri doktoru, professor Oqtay Şirəliyev akademik M.Mirqasımovun Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə etmiş, ilk milli mütəxəssis kimi Azərbaycan səhiyyə tarixində layiqli yer tutduğunu vurğulayıb. Bildirib ki, hələ ötən əsrin 30-cu illərində görkəmli alim öz tələbələri ilə birgə malyariya xəstəliyinin fəsadları, cərrahi müalicəsi və səhiyyədə digər problemlərin həlli ilə ciddi məşğul olmuşdur.

Görkəmli elm xadiminin elmi-pedaqoji fəaliyyətindən bəhs edən AR Təhsil naziriMikayıl Cabbarov bildirib ki, akademik M.Mirqasımov Bakı Dövlət Universitetində tibb elmini tədris edən ilk milli kadrlardan biridir. 1930-cu ildə yeni yaranmış Tibb İnstitutunda tədris üçün Azərbaycan dilində ilk “Ümumi cərrahiyyə” dərsliyinin də müəllifi olmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovyubilyarın tibb elmindəki misilsiz xidmətlərindən bəhs edib. Ölkəmizdə urologiya elminin inkişafına böyük töhfə vermiş Mirəsədulla Mirqasımovun ikinci Dünya müharibəsi zamanı həmkarları ilə birlikdə Azərbaycanda hospital xidməti, hərbi-səhra cərrahlığının əsasının qoyulması və inkişaf etdirilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, Tibb Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsində əhəmiyyətli rolunu qeyd edib.

Tədbirdə çıxış edən akademiklər İsmayıl İbrahimov, Böyükkişi Ağayev, Vasim Məmmədəliyev alimlə bağlı xatirələrini bölüşüblər.

Sonda akademikin oğlu Oqtay Mirqasımov çıxış edərək atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, həmçinin tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: