Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin Ev Muzeyinin saytı NETTY - Milli İnternet Müsabiqəsinin qalibi olub
21.05.2015 09:37
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyinin saytı NETTY - Milli İnternet Müsabiqəsinin qalibi olub

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi NETTY- Milli İnternet Müsabiqəsinə may ayının 20-də yekun vurulub.

Əvvəlcə İKT ekspertləri tərəfindən respublikamızın 350 İnternet resursu arasından 30 sayt əsas mükafata namizəd olaraq müəyyənləşdirilib.

Daha sonra NETTY Akademiyasının üzvlərinin ye­kun qərarı ilə nominant saytlar arasından qaliblər seçilib. AMEA H.Ca­vi­din Ev Muzeyinin www.huseyncavid.com saytı müsabiqənin “Mədəniyyət və İncəsənət” nominasiyasında İlin ən yaxşı veb resursu seçilib. 

“Park İnn” otelində baş tutan mərasimdə mükafatı muzeyin əməkdaşlarına təqdim edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bütün cavidsevərləri bu münasibətilə təbrik edib, saytın gələcək inkişaf istiqamətləri ilə bağlı tövsiyələrini verib.

Qeyd edək ki, H.Ca­vi­din Ev Muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutları arasında NETTY Milli İnternet Mükafatına layiq görülmüş ilk elmi müəssisəsidir. 2004-cü ildən keçirilən müsabiqənin münsiflər heyətində ölkəmizin tanınmış elm və mədəniyyət xadimələri, o cümlədən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və başqaları yer alır.

İndiyə qədər İKT sahəsindəki bu ali mükafata AR Səhiyyə,  Vergilər, Daxili İşlər, Mədəniyyət və Turizm, Fövqəladə Hallar nazirliklərinin, ASAN xidmət, Milli Olimpiya Komitəsi, Azərbaycan Gimnastika Federasiyası, Tələbə Qəbul üzrə Dövlət Komissiyasının və başqa qurumların saytları layiq görülüb. İnformasiya texnologiyaları sahəsində peşəkar müsabiqə olan NETTY- mütəxəssislər tərəfindən milli veb proqramlaşdırma sahəsinin obyektiv qiymətləndirmə mexanizmi kimi səciyyələndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: