Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2015 14:27
  • A-
  • A
  • A+

“Ölkənin ictimai-siyasi həyatında AMEA, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda tədbir keçirilib

“Ölkənin ictimai-siyasi həyatında AMEA, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda tədbir keçirilib

Mayın 26-da AMEA və Respublika Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Ölkənin ictimai-siyasi həyatında AMEA, Respublika Ağsaqqallar Şurası və gənc alimlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən danışıb. Onun bütövlükdə Azərbaycanın dövlətçilik ənənələrinin qurulmasında, müstəqilliyinin və iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində müstəsna xidmətləri olduğunu xatırladıb, ulu öndərin 92-ci ildönümünə həsr olunmuş tədbirlərin nəinki ölkəmizdə, eləcə də bir çox xarici dövlətlərdə böyük ehtiramla qeyd olunduğunu vurğulayıb.

Akademik A.Əlizadə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Bildirib ki, Azərbaycanın elm və təhsilində hökm sürmüş durğunluq dövrlərində Heydər Əliyevin yenidən hakimiyyətə dönüşüylə bütün sahələrdə olduğu kimi, AMEA-nın da fəaliyyətində canlanma baş verib, yeni istiqamətlər müəyyənləşib. Elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün tədbirlər həyata keçirilib. Ulu öndərin tövsiyyələrini rəhbər tutaraq Akademiyada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanmasına dair qərarlar qəbul edilib.

Akademik A.Əlizadə Heydər Əliyevin gənclər siyasətindən, xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik və dövlətçiliyin qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsində ulu öndərin xidmətlərindən danışıb. Vurğulayıb ki, həyata keçirilən gənclər siyasəti yeni nəslin fiziki, mənəvi-psixoloji sağlam yetişməsinə, istedadlı gənclərin üzə çıxarılması və ölkənin gələcək inkişaf strategiyasının əsasını təşkil edən gəncliyin formalaşmasına töhfə verir.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. İctimai-siyasi həyatda respublika ağsaqqallarının rolu” mövzusunda məruzə ilə çıxış edib. Dahi şəxsiyyətin zəngin və çoxşaxəli fəaliyyəti ilə bağlı fikirlərini bölüşən natiq bildirib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər.

Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığını deyən F.Heydərov məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin edildiyini vurğulayıb. Millət vəkili onu da qeyd edib ki, bu gün Respublika Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər. Müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında Milli Elmlər Akademiyasının rolu” mövzusunda məruzə ilə çıxış edib. Heydər Əliyevin AMEA alimləri ilə keçirdiyi görüşlərdən danışan akademik bildirib ki, ulu öndər hər zaman Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunaraq və onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyyə edib, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürüb. Akademik ulu öndərin hakimiyyətə gəlişinin ilk günlərindən onun Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsi, öyrədilməsi, müxtəlif problemlərinin tədqiqi, tarix, mədəniyyət və ədəbiyyat sahəsində xidməti olan şəxsiyyətlərin xalqa tanıdılması, adlarının əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətindən danışıb. Qeyd edib ki, müdrik rəhbərin qayğısının nəticəsidir ki, bu gün də ədəbiyyat və mədəniyyətimizin müxtəlif problemlərinə aid geniş tədqiqatlar aparılır, fundamental əsərlər yazılır.

Daha sonra tədbirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edib. Bildirib ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin bir hissəsinə çevrilib. Bu siyasətin tərkib hissəsi kimi Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün də Azərbaycanda biliklər iqtisadiyyatının bərqərar olmasında İKT sahəsində böyük nüfuza malik ölkələrin təcrübəsindən bəhrələnərək respublikamızda informasiya və bilik bazasının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, İKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov respublikanın ictimai-siyasi həyatında gənc alimlərin rolundan danışıb. Azərbaycan gənclərinin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında ulu öndərin xidmətlərindən bəhs edib. Bildirib ki, bu gün Azərbaycanda aparılan gənclər siyasəti gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək verilməsi Heydər Əliyev siyasətinin davamıdır və bu da ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti ilə bağlı konsepsiyada öz əksini tapır. Müxtəlif sahələrdə fəaliyyət göstərən intellektual səviyyəli gənclərin elmi-ictimai fəaliyyətlərinin inkişafına xidmət edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və digər bu kimi mühüm layihələrin həyata keçirilməsi Heydər Əliyev siyasətinin təməl prinsiplərinə söykənir. F.Salmanov qeyd edib ki, Akademiyada fəaliyyət göstərən gənclərin dünyanın tanınmış elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığı, nüfuzlu beynəlxalq statuslu tədbirlərdə Azərbaycan elmini təmsil etmələri Heydər Əliyevin mirası və Azərbaycan gəncliyinin uğurudur. Onun müəyyənləşdirdiyi elm siyasətinə gənc alimlərimiz daim sadiqdir və bu siyasətin yaşaması üçün lazım olan bütün fədakarlığı göstərir.

Tədbirdə çıxış edən  Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Xalq Şairi Zəlimxan Yaqub və başqaları dahi rəhbər Heydər Əliyev haqqında fikir və mülahizələrini bölüşüblər, onun əsasını qoyduğu məqsədyönlü siyasətin və ənənələrini uğurla davam edəcəyinə əminliyini ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

  • Paylaş: