Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasının başlıca çağırışlarını ifadə edən tədqiqat kimi qiymətləndirilib
08.06.2015 09:30
  • A-
  • A
  • A+

Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasının başlıca çağırışlarını ifadə edən tədqiqat kimi qiymətləndirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası ərəfəsində mədəniyyət, elm, təhsil və media komitəsinin qurumun Parisdəki qərargahında iyunun 2-də keçirilən iclası Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin üzvü, akademik Rafael Hüseynovun hazırladığı “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış” adlı məruzənin mətni və qətnamə layihəsinin tam variantının geniş müzakirəsi və yüksək qiymətləndirilməsi ilə yaddaqalan olub. Avropa Şurasının müzakirəyə çıxarılmış məruzəyə xüsusi diqqət yetirməsinin əsas göstəricilərindən biri də budur ki, məhz həmin məsələ ilə bağlı diskussiyalara qatılmaq üçün AŞPA-nın sədri An Brasör və Avropa Şurası baş katibinin müavini Qabriela Battani Draqoni Parisə gəliblər.

Azərbaycanlı deputatın hazırladığı məruzə son illərdə Avropa Şurasının etiqad azadlığı, dinlər və mədəniyyətlərarası dialoqla bağlı başlıca çağırışlarını əks etdirən sənəd kimi qəbul edilir. Məruzə ətrafında fikir mübadilələrinin başlanmasından əvvəl deputat Rafael Hüseynov mövzunun başlıca məqamları üzərində dayanaraq deyib: “İstər AŞPA sədri, istərsə də Avropa Şurası baş katibinin müavini müzakirə edilən problemə daim həssas münasibətləri ilə seçiliblər. Xanım An Brasör vaxtilə elə bu komitə xətti ilə problemin digər aspektləri ilə bağlı ayrıca məruzə hazırlayıb. Xanım Draqoni isə mövzu ilə bağlı həm əvvəlki bir neçə müzakirəmizdə, həm də keçən il Bakıda təşkil edilən Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini məqamları adlı beynəlxalq konfransında problemə dair qiymətli müşahidələri ilə çıxış edib. Bütün bunlar bir tərəfdən hər iki həmkarımızın məsələyə şəxsi marağının ifadəsidirsə, digər tərəfdən mövzuya Avropa Şurası rəhbərliyinin xüsusi həssas münasibətinin göstəricisidir. Məruzənin hazırlığı mərhələsində problemlə əlaqədar nüfuzlu ekspertlərin və din xadimlərinin iştirakı ilə beş dinləmənin keçirilməsi isə komitənin məsələyə sistemli yanaşması və son dərəcə ciddi əhəmiyyət verməsinin əyani sübutudur. Bütün bu sadaladıqlarım bütövlükdə dinin Avropanın ictimai-siyasi həyatında oynadığı rolun müasir şəraitdə getdikcə artması ilə bilavasitə əlaqədardır”.

Məsələnin siyasi, fəlsəfi, dini, mədəni aspektlərini şərh edən Rafael Hüseynov komitə üzvlərinin nəzərini bir sıra önəmli cəhətlərə yönəldib: “Müxtəliflik, rəngarənglik olmasa həyat da, dünya çox yeknəsəq, bəlkə də yaşanılmaz olardı. Deməli, müxtəliflik dünyamızın varlığını, həyatımızın davamlı inkişafını təmin edən başlıca açarlardandır. Amma nə qədər paradoksal olsa da, dünyanın dörd bucağında, o cümlədən Avropada baş verən bir sıra münaqişə və qarşıdurmaların təməlində məhz müxtəlifliklər durur. Təbii ki, həmin sırada həm də dini müxtəliflik var. Bu məruzənin də, Parlament Assambleyasında yaxın mövzularda əvvəllər hazırlanmış bir neçə başqa məruzənin də yəqin gələcəkdə davam etdiriləcək bu qəbil işlərin əsas hədəfi ondan ibarətdir ki, bacardıqca daha geniş və dərin şəkildə müxtəlifliyin harmoniyasına nail olaq. İndi təqdim olunan məruzənin ilkin sərlövhəsi “Etiqad azadlığı və dini təcrübələr” idi. Lakin indi məruzə “Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış” adlanır. Bu dəyişikliyi yalnız iş prosesinin dinamikası deyil, həm də bilavasitə içərisində olduğumuz cəmiyyət həyatı, son dövrlərdə bir-birinin ardınca baş vermiş məlum terror aktlarının, bir sıra dini məkanlara qarşı törədilmiş həqarət və zorakılıq əməllərinin arzuedilməz nəticələri diktə edib. Eyni zamanda, bu ad dəyişməsi problemin çevrəsini bir az da genişləndirib, araşdırmanın fəlsəfəsinin daha sərrast ifadə olunmasına meydan açıb”.

Deputat Rafael Hüseynov Azərbaycanın bir tolerantlıq məkanı kimi Avropa və dünyada örnək ölkə olmasından faktlarla bəhs etdikdən sonra bu anlayışın çevrəsinin genişlənməsinin zəruriliyini qeyd edib: “Tolerantlığa çağırışlar dövrümüzün aktual ideyalarından olsa da, əslində bu, indiki halda natamam görünən bir düsturdur. Dözümlülüyə deyil, əl-ələ olmağa çağırış, zənnimcə, tədricən cəmiyyət həyatının əsas modelinə çevrilməlidir. Elə Avropa gerçəkliyindən çoxlu nümunələr gətirmək mümkündür ki, onlar ayrı-ayrı dinlərin, insanların birgə, anlaşma içərisində yaşamasına necə yardım etməsini nümayiş etdirir. Zati-müqəddəsləri Papa Fransiskin Avropa Şurasının üzlərinə üz tutaraq söylədiyi müdrik, ibrətli sözlər yəqin ki, hər kəsin xatirindədir: “Sülhə aparan ən düzgün yol başqalarını sənə qarşı müxalif olan düşmənlər kimi qəbul etmək deyil, hər kəsi sənə qucaq açmağa hazır olan bacı-qardaş saymaqdan ibarətdir”. İnanıram ki, indikindən qat-qat gözəl və daha yaşamalı olan ortaq Avropa Evinin bərqərar olması da bu sadədən sadə, vacibdən-vacib həqiqətə bağlıdır. Məruzəmizdə diqqət yönəldilən mühüm istiqamətlərdən biri də etiqad azadlığı və dini təcrübələr məsələsidir. Ümumilikdə Avropa ölkələrinin hüquq sistemləri bu sahədə müəyyən tənzimləyici mexanizmlərə malik olsa da, müşahidə və təhlillər göstərir ki, hələ boşluqlar, sual və mübahisələr doğuran məqamlar da az deyil. Etiqad azadlığı və universal, qədim tarixli dini təcrübələr mahiyyəti etibarilə insan haqları problemi ilə bağlıdır. Ancaq belə hallara da rast gəlinir ki, məhz insan haqları müstəvisindən yanaşılaraq bəzən eyni bir dini təcrübəyə əməl edilməsi bir qütb tərəfindən insan haqlarına zidd, təcrübəyə əməl edilməsinə yaradılan müxtəlif maneələr insan haqlarına qarşı hərəkət kimi mənalandırılır. Bunlar elə incə məsələlərdir ki, onları ümumiləşdirərək cavab vermək, vahid həll yolu təklif etmək çətindir. Ümumi, obyektiv, ədalətli prinsiplər öz yerində, lakin hər konkret halda məsələnin təfərrüatı ilə öyrənilərək nüansları nəzərə almaqla qərar verilməsi məqsədəuyğundur. Çünki xalqların əsrlərcə əməl etdikləri, bir sıra hallarda sırf dini element olmaqdan qurtularaq milli mənəvi xüsusiyyətə dönmüş cəhətlər var ki, onlar məruzədə ayrıca təhlil edilir. Bizim çıxardığımız ən başlıca nəticə budur ki, dini, milli, mədəni müxtəlifliyimiz bizim ortaq sərvətimiz və gücümüzdür. Bu sərvət və gücün parçalanmaması, hamımızın bir olması üçün yeni başlanmış əsrimizi, XXI yüzili həmrəy, birgə yaşama əsrinə çevirməliyik. İnsanlığa, bu balaca, mehriban yuvamıza, planetimizə xidmət demək olan həmin mübarizədə Avropa Şurası indiyə qədər olduğu kimi yenə öndə olmalıdır. Deməli, indi təqdim olunan məruzə bizim bu istiqamətdəki işlərimizin sadəcə olaraq növbətisidir. Qarşıda Parlament Assambleyasında yəqin ki, bu qəbildən yeni-yeni məruzələr mütləq yenə olacaq”.

Müzakirələrə qatılan avropalı deputatlar almaniyalı Tomas Feist, isveçli Lotta Conasson, bolqarıstanlı Valeri Cablianov, Parlament Assambleyasının dəvətli qonaq kimi üzvü, israilli Roza Hoffman çıxış edərək təqdim olunmuş məruzənin son dərəcə ciddi, həm elmi, həm siyasi əhəmiyyətli bir sənəd olduğunu vurğulayaraq, bu araşdırmanın yalnız ingilis və fransız yox, digər Avropa dillərində də nəşr edilməsinin gərəkli olduğunu söylədilər. Avropa Şurası baş katibinin müavini Q.B.Draqoni isə Rafael Hüseynovun məruzəsinin Avropa Şurasının başlıca məramlarının layiqincə əks olunduğu mərhələ səciyyəli tədqiqat olduğunu söylədi.

Bildirildi ki, azərbaycanlı deputatın hazırladığı bu dəyərli məruzə AŞPA-nın payız sessiyasının gündəliyinə daxil ediləcək.

 www.azertag.com

  • Paylaş: