Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə regionda elektron elmin inkişafına öz töhfəsini verir
16.06.2015 10:10
  • A-
  • A
  • A+

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri ilə birgə regionda elektron elmin inkişafına öz töhfəsini verir

Şərq Tərəfdaşlığı ölkələrində elm sahəsində əməkdaşlığın inkişafı üçün yüksəksürətli internet şəbəkəsi yaradılır. Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrini elektron elm müstəvisində birləşdirən “EaPConnect” layihəsini maliyyələşdirir

Avropa Komissiyası 11 iyun 2015-ci il tarixdə Lüksemburqda Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin əlaqələrinin genişləndirilməsi məqsədilə GEANT təşkilatı ilə müqavilə imzalayıb. Layihənin tərəfdaşlarından biri olan Azərbaycanı AMEA İnformasiya Texnologiyaları İnstitutu (İTİ) təmsil edir. Tədbirdə AMEA-nın akademik-katibi, AMEA İTİ-nin direktoru, akademik Rasim Əliquliyev də iştirak edib.

Layihənin əsas məqsədi ŞT-yə üzv ölkələr arasında elm və təhsil sahələrində yüksəksürətli regional internet şəbəkəsinin yaradılmasıdır. Şəbəkə ŞT ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrini (METŞ) birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya edəcəkdir.

Regionun 700-dən çox müəssisəsindən 2 milyon tədqiqatçı, alim və tələbənin bu şəbəkədən yararlanacağı gözlənilir. Yüksəksürətli genişzolaqlı şəbəkə elmi bazalara çıxış və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verəcək. Bundan əlavə, “EaPConnect” layihəsi tələbə və tədqiqatçılar üçün Eduroam imkanlarını daha da genişləndirəcək.

“EaPConnect” layihəsi Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün hazırlanmışdır. Layihə 6 ŞT ölkəsinin milli elm və təhsil şəbəkələrini birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya etdirmək məqsədi daşıyır. “EaPConnect” layihəsinin ümumi məqsədi rəqəmsal fərqin azaldılması, region daxilində qarşılıqlı əlaqələrin yaxşılaşdırılması və yerli alim, tələbə və təqdiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmaqdır.

2013-ci il tarixində ŞT çərçivəsində keçirilmiş Vilnüs sammitində Avropa İttifaqına (Aİ) üzv dövlətlər, o cümlədən 6 ŞT ölkəsinin rəhbərləri tərəfindən Ümumi Bilik və İnnovasiya Mühitinin yaradılması qərara alınmışdır. Mayın 22-də Riqada keçirilmiş son sammitdə dövlət başçıları rəqəmsal iqtisadiyyatı Aİ və tərəfdaşları üçün hələ istifadə olunmamış potensial sahə kimi tanımışdır. “EaPConnect” layihəsi bu çərçivədə elm və təhsil ictimaiyyətinə yeni imkanlar təqdim edəcək.

“EaPConnect” layihəsinin 5 il davam etməsi və 6 tərəfdaş ölkədə mövcud olan METŞ-ləri ilə birgə GEANT şəbəkə təşkilatı tərəfindən idarə olunması nəzərdə tutulur. Layihə xərclərinin 95 faizini Avropa Komissiyası təmin edir. Digər 5 faizi isə ŞT ölkələri tərəfindən qarşılanacaq.

GEANT Avropanın iqtisadi inkişaf və rəqabətliliyini artıraraq elm və təhsil naminə şəbəkə, elektron  infrastruktur və xidmətlər üzrə Avropanın aparıcı təşkilatıdır. GEANT Avropa, Aralıq dənizi, Afrika, Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinə xidmət edən elm və təhsil şəbəkə layihələrinin yaradılması və idarə olunmasında aparıcı rol oynayır.

Qeyd edək ki, Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşularaq Avropa ilə əməkdaşlıq sahəsində yeni mərhələyə qədəm qoymuşdur. Bu əməkdaşlıq bütün istiqamətlər üzrə, o cümlədən informasiya cəmiyyəti və elektron elm quruculuğu sahəsində də böyük əhəmiyyət kəsb edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosasiyası ilə sıx əməkdaşlıq edərək Azərbaycanın milli elm və təhsil şəbəkəsi olan “AzScienceNet”in sürətli inkişafına nail olmuşdur. Hazırda AzScienceNet elektron infrastrukturu üzərindən qabaqcıl şəbəkə texnologiyaları və xidmətləri AMEA-nın elmi müəssisə və təşkilatlarının bütün əməkdaşlarına təqdim edilir.

Azərbaycanın müvafiq dövlət qurumlarının (AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi) rəsmi dəstəyi ilə GEANT Assosiasiya və onun tərəfdaş olduğu layihələrdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutu təmsil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

  • Paylaş: