Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmin zirvəsində
24.06.2015 06:39
  • A-
  • A
  • A+

Elmin zirvəsində

Hər bir millət öz mədəniyyəti, elmi, alimi, ziyalısı, milli-mənəvi dəyərləri ilə tanınır. Uzun illər iqtisadiyyat sahəsində sanballı araşdırmalar aparan, yüksək səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti ilə seçilən görkəmli alim, akademik Ziyad Əliabbas oğlu Səmədzadə məhz belə ziyalılardandır. Çoxsaylı və sanballı elmi əsərlərinə və ardıcıl ictimai-siyasi fəaliyyətinə görə Ziyad Səmədzadə cəmiyyətdə özünəməxsus böyük nüfuz qazanmışdır. 

...1940-cı ildə Bakının Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Bakı Dövlət Universitetinin İqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib, təyinatla Azərbaycan EA-nın İqtisadiyyat İnstitutuna göndərilmişdir. Gənc elmi kadrlara qayğıkeş münasibətin hökm sürdüyü və respublikada iqtisad elminin əsas mərkəzi hesab olunan, uzun illər akademik Əhməd Mahmudovun başçılıq etdiyi bu səmimi kollektivdə respublikanın xalq təsərrüfatının ən ümdə iqtisadi problemlərinin tədqiqi ilə bağlı aparılan intensiv elmi axtarışlar zəminində o da burada ilkin tədqiqatçılıq fəaliyyətinə qədəm qoymuşdur.   

Ziyad Səmədzadə 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Buradakı yaradıcı elmi mühit, nüfuzlu iqtisadçı alimlərlə şəxsi tanışlıq onun tədqiqatçı kimi formalaşmasına müsbət təsir göstərmişdir. 1965-ci ildə o, elə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmiş, ölkəyə qayıdaraq Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda elmi işçi, böyük elmi işçi, elmi katib, daha sonra “Xalq təsərrüfatının inkişaf sürəti və proporsiyaları” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Ziyad Səmədzadə 1971-ci ildə iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1976-1978-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-ci ilin avqust ayından 1982-ci ilin sonunadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1983-cü ilin yanvarında ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Mərkəzi Komitəsində İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və 1991-ci ilədək bu vəzifədə çalışmışdır.

Ziyad Səmədzadə 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Respublika ictimaiyyəti onu praktik-iqtisadçı, bacarıqlı təşkilatçı və rəhbər, mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal təbliğatçısı kimi tanıyır. O, 500-dən artıq elmi əsərin, bir çox sanballı elmi araşdırmaların, makroiqtisadiyyat, regional iqtisadiyyatın səmərəliliyi, təkrar istehsalın sürəti və proporsiyaları, bazar iqtisadiyyatı problemlərinə həsr olunan dəyərli monoqrafiyaların müəllifidir. Respublikada iqtisad elminin bir sıra aparıcı istiqamətlərinin yaranması, formalaşması və inkişafı onun elmi fəaliyyəti ilə bağlı olmuşdur.

Alimin doktorluq dissertasiyası “Əmək məhsuldarlığı və əhalinin məşğulluq strukturu problemləri” mövzusuna həsr edilmişdir. Z.Səmədzadə ötən əsrin 70-ci illərində ilk dəfə olaraq respublika sənayesini səciyyələndirən materiallar əsasında istehsalın səmərəlilik göstəricilərini xalis məhsula görə hesablamış, iqtisadi artım, struktur problemlərinə dair konkret elmi nəticələr əldə etmişdir.

Alim hələ qırx il bundan əvvəl qeyri-istehsal sahəsinin üstün sürətlə inkişaf etməsini və onun strukturunun yaxşılaşdırılmasını qanunauyğun hal və respublikanın tərəqqisi üçün əsas amillərdən hesab edirdi. Bütövlükdə Azərbaycanın xalq təsərrüfatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin sistemli araşdırılması, iqtisadiyyatda struktur irəliləyişləri ilə qarşılıqlı əlaqəsinin təhlili və iqtisadi tərəqqi amilləri barədə dolğun elmi konsepsiyanın formalaşması məsələləri Ziyad Səmədzadənin tədqiqatçılıq fəaliyyəti ilə bağlıdır.

Alimin iqtisadi tərəqqi ilə məşğulluğun strukturu, milli gəlirin sürəti və proporsiyaları, əmək ehtiyatlarının sahə, ərazi proporsiyaları, urbanizasiya, səmərəlilik problemlərinin tədqiqinə həsr edilmiş “Əmək məhsuldarlığı və məhsulun strukturu”, “İctimai istehsalın strukturu və səmərəlilik”, “Əmək məhsuldarlığı və iqtisadi inkişafın proporsiyaları”, “Bakının sosial-iqtisadi inkişafı”, “1970-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı problemləri”nə həsr edilmiş sanballı monoqrafiyaları iqtisad elminə layiqli töhfə sayılır.

Alimin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə keçən əsrin 80-ci illərində “Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə”, “Dağ rayonlarının sosial-iqtisadi inkişafı”, “Material tutumu”, “Enerji tutumu” adlı məqsədli proqramlar hazırlanmışdır. Bu proqramlar özünün konkretliyi və ünvanlı olması, hər bir şəhər və rayon, sahələr üzrə məqsədlərə nailolma mexanizminin mövcudluğu ilə fərqlənirdi ki, bu da keçmiş sərt planlaşma və idarəetmə sistemində fərqli bir yanaşma hesab edilirdi.

Akademik Ziyad Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində regionların, o cümlədən Bakının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi xüsusi yer tutur. Bu araşdırmalar əsasında 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim olunmuşdur.

Ötən əsrin 80-ci illərinin sonlarında uydurma Dağlıq Qarabağ probleminin ilk günlərindən akademik Ziyad Səmədzadə ermənilərin Azərbaycanın bu qədim diyarının “sosial-iqtisadi geriliyi haqqında” əsassız iradlarının təhlilinə başlamışdır. Azərbaycana qarşı irəli sürülən saxta ittihamlar, guya ermənilərin həyat səviyyəsinin aşağı olması, onlara qarşı sosial-mədəni baxımdan ayrı-seçkilik edilməsi ilə bağlı iftiralar əsaslandırılmış dəlillərlə təkzib edilmişdir. Akademikin həmin dövrdə hazırladığı tədqiqatların əksəriyyəti geniş əks-səda doğurmuş “Dağlıq Qarabağ: naməlum həqiqətlər”, “Naqornıy Karabax: neizvestnaya pravda” adlı kitablarında öz əksini tapmışdır.

Z.Səmədzadənin elmi fəaliyyətində Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması xüsusi yer tutur. Akademik həmkarları ilə birlikdə bütövlükdə SSRİ və digər mütəffiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında elmi hesablamalar apararaq mərkəz-ləşdirilmiş plan-maliyyə sisteminə xas ciddi qüsurları üzə çıxardı və sübut etdi ki, xalqın respublikanın ərazisində yaradılmış milli gəlirdən istifadə etmək hüquqları yolverilməz dərəcədə məhduddur. Sonralar bu, Azərbaycanın iqtisadi müstəqilliyi haqqında qanun layihəsi üçün əsas mənbələrdən birinə çevrildi. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfransın keçirilməsi ölkəmizdə yeni iqtisadi münasibətlərin formalaşdırılmasına kömək etdi.

Respublikanın elmi qüvvələrini “Azərbaycan XXI əsrin astanasında” problemi ətrafında cəmləşdirmək üçün Z.Səmədzadənin əhatəli təşkilatçılıq fəaliyyəti xüsusi qeyd edilməlidir. Akademikin elmi redaktəsi ilə nəşr edilmiş “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi həmin istiqamət üzrə elmi axtarışların külliyyatıdır.

Ziyad Səmədzadənin yaradıcılığında ən mühüm tədqiqat əsəri kimi qiymətləndirilən və 2004-cü ildə işıq üzü görən və ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Böyük yolun mərhələləri” adlı irihəcmli monoqrafiya (rus dilində) öz elmi tutumu, məntiqi və şərhinə görə fərqlənir. Burada Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, spesifik cəhətləri, ümumi qanuna-uyğunluqları tədqiq olunmaqla onun perspektiv inkişafının konseptual əsasları müəyyən edilir. Z.Səmədzadənin bu kitabını bir çox müddəaları və nəticələri əks etdirən zəngin məlumatlarına görə Azərbaycanın iqtisadi inkişaf problemləri üzrə ensiklopedik əsər kimi xarakterizə etmək olar.

Akademikin son illərdə gördüyü işlərdə Azərbaycan iqtisadiyyatı dünya təsərrüfatı sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilir. O, Azərbaycan iqtisadiyyatının inkişafını ümumdünya miqyaslı iqtisadi inkişaf kontekstində təqdim edir. Ziyad Səmədzadənin dövlətin iqtisadi təhlükəsizliyi probleminə həsr edilmiş 20 il bundan əvvəl apardığı tədqiqatları, məqalələri, elmi ideya və məruzə-ləri mahiyyət etibarilə respublika iqtisad elminin yeni istiqamətinin yaranmasına təkan vermişdir.

Alimin Çində, MDB məkanında və bir çox Avropa, Asiya ölkələrində yüksək qiymətləndirilən “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dünya iqtisadiyyatında” (2009-cu il), “Kitay v qlobalnoy mirovoy ekonomike” (2010-cu il) əsərlərini də qeyd etmək yerinə düşərdi. Xüsusi vurğulanmalıdır ki, akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir.

Kitablarında Çin modelinin hərəkətverici qüvvəsi olan iqtisadi islahatların atası Den Syaopin islahatlarının dərin qatları ətraflı şəkildə təhlil edilir. Müəllifn haqlı fikrinə görə, “Çin möcüzəsi”nin mühüm sirlərindən biri də odur ki, ölkədə aparılan iqtisadi islahatlarda radikallığa yol verilmədi, mülkiyyət formaları qarşı-qarşıya qoyulmadı, struktur islahatları sənayedə mərhələ-mərhələ aparıldı, dövlət iqtisadiyyatı ilə yanaşı, özəl sektora da yol açıldı. Məlum olduğu kimi, müasir iqtisadi proseslər diqqətlə nəzərdən keçirildikdə aydın olur ki, bu ölkədə yeni informasiya iqtisadiyyatı qlobal miqyasda fəaliyyət göstərir. Ona görə də Çin inkişaf modelinin dünya təsərrüfatı sisteminə inteqrasiya təcrübəsi çox əhəmiyyətlidir. Beləliklə, akademik Z.Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabı Azərbaycanın iqtisad elmində böyük hadisədir. Unikal iqtisadi inkişaf modeli haqqında yazılan bu nadir əsər Azərbaycanla Çin arasında dostluq əlaqələrinin inkişafına özünün müsbət təsirini göstərir.

Müstəqil Azərbaycan dövlətinin tarixində keçid dövrü özünəməxsus yer tutur. Azərbaycan dövləti bu illər ərzində gələcəyimiz üçün fundamental əhəmiyyətli işlər gördü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabr ayının

2-də Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün başa çatdığına dair tarixi bəyanatından sonra iqtisad elmi artıq yeni müstəvidə inkişaf etməyə başlamışdır. Bu baxımdan 2010-cu ildə akademik Ziyad Səmədzadənin baş redaktorluğu ilə “Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli inkişaf modelinin formalaşması problemləri” mövzusunda respublika elmi-praktiki konfransının materiallarının cəmləşdiyi külliyyat çap olundu.

AMEA-nın müvafiq qərarına uyğun olaraq keçirilən konfransda iqtisadçılarımız Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkəmizdə yeni iqtisadi sistemi yaratmaq konsepsiyasının mahiyyəti, keçid dövrünün xüsusiyyətləri, ziddiyyətləri, bu dövrün uğurla başa çatdırılması, Azərbaycanın qlobal maliyyə böhranından yüksək səviyyədə çıxarılması və bu gün də dünyada inkişaf sürətinə görə lider ölkə olaraq tanınması kimi aktual məsələləri araşdırmışlar.

Külliyyata 90-dək respublika, eləcə də xaricin nüfuzlu təşkilatlarını, elm-təhsil müəssisələrini təmsil edən 400-ə yaxın müəllifin yazıları daxil edilmişdir. Təqdim edilən məruzə və tezislərdə iqtisadçılar Azərbaycan dövlətinin, onun başçısı Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir, ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edən bu və ya digər fikirlərlə çıxış edirlər. Görkəmli alim 45 ildən artıqdır ki, çoxsaylı simpozium və konqreslərdə Azər-baycanı ləyaqətlə təmsil edir. O həm də yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar akademikin 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilir. 1999-cu ildən akademik “İqtisadiyyat” adlı qəzetin təsisçisidir. Alimin “Azərbaycan iqtisadiyyatı Böyük Vətən müharibəsi illərində” mövzusu ilə əlaqədar apardığı tədqiqatlar da diqqətəlayiqdir. Onun 2005 və 2010-cu illərdə 1941-1945-ci illər müharibəsinin 60 və 65-ci ildönümləri ərəfəsində nəşr etdirdiyi “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə olmazdı” və “Qaliblər - Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabları da maraqlı faktlarla zəngindir.

Görkəmli alim, akademik Ziyad Səmədzadənin daha bir kitabı yenicə işıq üzü görmüşdür. Müəllifin “Bakı nefti: qələbənin açarı - şərəfli keçmiş, işıqlı gələcək (1945-2015)” adlı bu nəşri Azərbaycanın qələbəyə böyük töhfəsinin elmdə təzahürüdür.

İnsan biliklərinin bütün istiqamətləri üzrə təfərrüatları bir araya gətirən ensiklopediyaların tarixi uzun olsa da, Azərbaycanda bu mühüm və dəyərli fəaliyyət sahəsində məqsədyönlü və ardıcıl iş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü və dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olub. Prezident İlham Əliyev həmin ensiklopediyanın nəşrini Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisə kimi səciyyələndirib.

Prezident İlham Əliyevin baş redaktorluğu ilə artıq Azərbaycan Milli Ensiklopediyasının ilk cildləri nəşr olunaraq oxucuların istifadəsinə verilib. Bu nəşrlər ölkəmizdə sahə ensiklopediyalarının hazırlanması işini də aktuallaşdırdı, bir çox reallıqlar isə iqtisadi ensiklopediyanın yaradılmasını zərurətə çevirdi. Akademik Ziyad Səmədzadə iqtisadi ensiklopediyanı yaratmaq ideyasını irəli sürərkən artıq dünya iqtisadiyyatının tarixi, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, dünyada baş verən qlobal iqtisadi proseslər, elmi-iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında kifayət qədər məlumatlar toplamış, dünya iqtisad elminin nailiyyətlərini müasir gerçəkliklər fonunda hərtərəfli araşdırmış, sanballı elmi əsərlər nəşr etdirmişdi.

Beləliklə, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə ölkəmizdə ilk dəfə “Böyük İqtisadi Ensiklopediya”nın yaradılması kimi çətin yaradıcı işə başlanıldı. Təqribən 10 illik gərgin zəhmət və səmərəli iş öz bəhrəsini verdi. 2012-ci ildə akademik Ziyad Səmədzadənin rəhbərliyi ilə ilk dəfə irihəcmli, mötəbər və unikal elmi informasiya mənbəyi olan 7 cildlik “Böyük İqtisadi Ensiklopediya” nəşr edildi.

“Böyük İqtisadi Ensiklopediya” özünün əhatə dairəsi, strukturu, əyani vasitələrdən istifadə səviyyəsinə görə Avropa və MDB məkanında ilk çoxcildlik nəşrdir. Sözün əsl mənasında “Böyük İqtisadi Ensiklopediya” Azərbaycan iqtisad elmində əhəmiyyətli bir hadisədir.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədridir. Respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının elmi bazasının gücləndirilməsi məsələlərinin həllində fəal iştirak edir. Akademik Z.Səmədzadə İxtisaslaşdırılmış Elmi Şuranın sədridir. Həmçinin o, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir.

2010-cu ildə Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır. 2010-cu ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan-Belarus Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədr müavini, akademik Ziyad Səmədzadəni Fransisk Skorina medalı ilə təltif etmişdir.

Ömrünün yetkinlik dövrünə qədəm qoyan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ziyad Səmədzadə müasirlik ruhu və daha böyük həvəs, enerji ilə müstəqil Azərbaycanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən ciddi tədqiqatlar üzərində işləyir, faydalı tövsiyələr və proqnozlar hazırlayır, səmərəli ictimai fəaliyyət göstərir, iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün əzmlə çalışır. Bu yolda görkəmli alimə, akademik Ziyad Səmədzadəyə müvəffəqiyyətlər diləyirik.

Akif ƏLİZADƏ, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 24 iyun 2015

  • Paylaş: