Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Thomson Reuters” agentliyinin 2014-ci il üçün illik hesabatı açıqlanıb
01.07.2015 10:21
  • A-
  • A
  • A+

“Thomson Reuters” agentliyinin 2014-ci il üçün illik hesabatı açıqlanıb

“Thomson Reuters” agentliyinin 2014-ci il üçün illik hesabatı açıqlanıb. Bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən jurnallar, onlararın impakt faktorlarının dinamikası haqqında məlumatları əks etdirir. Agentliyin son hesabatına əsasən Azərbaycanda dərc olunan “Applied and Computational Mathematics” beynəlxalq elmi jurnalının təsir əmsalı (Impact Factor) 0,45-ə bərabər olub.

Akademik Fikrət Əliyev bildirib ki, bu jurnal Azərbaycan elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin genişləndirilmiş siyahısında yer alıb.

Jurnalın bu günədək 33 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə dünyanın 40-dan çox ölkəsini təmsil edən 400-dək məqalə dərc olunub. Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 14 il ərzində jurnal 45 ölkədən 200-dən artıq elmi müəssisə ilə mübadilə həyata keçirib.

“Applied and Computational Mathematics” jurnalı 2002-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu (TR ETİ) tərəfindən təsis olunub. Jurnalın fəxri redaktoru ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başar, baş redaktorları akademiklər Əli Abbasov, Fikrət Əliyev, Ukrayna Milli Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunun professoru Vladimir Larin, aparıcı redaktoru TR ETİ-nin şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru Yusif Qasımov, icraçı redaktoru institutun elmi katibi, fizika-riyaziyyat elmləri namizədi Nərgiz Səfərovadır. Jurnalın redaksiya heyətində dünyanın 13 ölkəsindən 25 tanınmış alim təmsil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: